Xeyirin Şər üzərində qələbəsi
İstənilən xalq üçün ən böyük xoşbəxtlik onun müstəqil dövlətinin olmasıdır. Çünki məhz dövlət müstəqilliyi xalqı başqalarının köləsi və tapdağı taleyindən azad edir. Onun dönməzliyi və əbədiliyi isə həm də xalqa rəhbərlik edən Liderdən çox asılıdır.
XX əsrdə xalqımıza iki dəfə öz dövlət müstəqilliyini əldə etmək nəsib oldu. Lakin əsrin əvvəllərində obyektiv və subyektiv səbəblərdən cümhuriyyətçi babalarımız bu missiyanın öhdəsindən cəmi 23 ay gələ bildilərsə, 1991-ci il oktyabrın 18-də bərqərar olan Dövlət Müstəqilliyimiz artıq 29-cu ilini yola salmaqdadır. Və 29-cu ildönümü əlamətdar edən tarixi hadsə isə 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz parlaq Qələbədir. Torpaqlarımızın erməni işğalından azad edilməsinə, Vətənimizin ərazi bütövlüyünə nail olmağımız Dövlət Müstəqilliyimizin 30 illik yubileyinə ən gözəl hədiyyədir.
Lakin məkrli ermənilər 1987-ci ilin sonlarından başlayaraq xalqımıza qarşı hazırladıqları xain planı işə salarkən ağlımıza belə gəlmirdi ki, proseslər Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonumuzun Ermənistan tərəfindən işğal edilməsi və 28 il sonra düşməni torpaqlarımızdan rəzil şəkildə qovmağımızla nəticələnəcək. İndi bu sözləri yazmaq çox asandır, amma başımızın üstünü almış erməni fəlakətinin hər günü, ayı, ili xalqımıza qarşı qanlı faciələrin – təcavüz, işgəncə, soyqırım, terror və vandalizm aktlarının törədilməsi ilə müşayiət edilib.
Xalqımızı və Dövlətimizi ayaq üstə saxlayan, düşməni məhv etmək naminə gücünü toplayan amil isə vaxtında dəmir iradəyə və qətiyyətə malik Liderlərinin meydana çıxması olub. Onlar, sözsüz ki, görkəmli siyasətçilər, əsl dövlət xadimləri Heydər və İlham Əliyevlərdir.
Sovet dönəmində (1969–1982-ci illər) Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin siyasi karyerası hər kəsə məlumdur. Heydər Əliyev sanki Azərbaycanı müstəqil dövlət olmağa hazırlayırdı. Məhz onun rəhbərliyi dövründə bütün sahələrdə milli kadrların hazırlanmasından tutmuş iqtisadiyyatının, sənayesinin və kənd təsərrüfatının inkişafına qədər ölkəmiz böyük inkişaf yolu keçə bilmiş, SSRİ-nin öncül respublikalarından birinə çevrilmişdi. Həmin illərdə Azərbaycanın əldə etdiyi uğurlar, azərbaycanlı siyasətçinin liderlik xüsusiyyətlərinə malik olması, sovet imperiyasının rəhbərliyində yüksək yer tutması bütün erməniləri və onların havadarlarını çox narahat edirdi. Təsadüfi deyildi ki, hər SSRİ rəhbəri vəfat edərkən, xarici mətbuatda Sov.İKP MK-nın baş katibi seçilə biləcək namizədlərin arasında Heydər Əliyevin də adı çəkilirdi. Əlbəttə ki, ermənilərin havadarı M.Qorbaçovun ilk işi güclü siyasi rəqibini sovet rəhbərliyindən uzaqlaşdırmaq oldu. Lakin 1993-cü ildə 70 yaşlı Heydər Əliyevin yenidən hakimiyyətə gələcəyini, müstəqil Azərbaycan dövlətinin prezidenti seçiləcəyini heç kim, o cümlədən M.Qorbaçov da gözləmirdi. Həyat necə qəribədir?! Güclü iş potensialına malik H.Əliyevi istefaya getməyə məcbur edən, xalqımızın qanına əli batan M.Qorbaçov bir neçə ildən sonra nəinki özü hakimiyyəti biabırçı vəziyyətdə tərk etdi, həm də başçılıq etdiyi dövlətin süquta uğramasına səbəb oldu…
Rusiyanın, Qərbin bütün təpkilərinə baxmayaraq, Heydər Əliyev siyasi fəhmi və xalqın gücü hesabına hakimiyyətə gəldi. Azərbaycanın milli maraqlarına cavab olaraq cəmiyyəti qeyri-qanuni silahlı dəstələrdən təmizlədi, ölkəmizin siyasi, iqtisadi, hərbi gücünün və intellektual potensialının artması üçün bütün vacib addımları atdı.
Çox mürəkkəb dövrdə xalqımızın lidersiz qalmaması üçün dəmir iradəyə malik siyasi varisi İlham Əliyevi yetişdirdi, xalqımızı ona inanmağa, güvənməyə çağırdı. Və qədirbilən xalqının çiyinlərində son mənzilinə yollandı.
Bu günlərdə M.Qorbaçovun qocalıq dövrünü tənha, ailəsiz və övladı tərəfindən atılmış şəkildə sürdüyünü göstərən filmi izləyəndə “Nooldu, Qorbaçov? Bəs Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaq və təcriddə saxlamaq üçün həkimlərə saxta arayış tərtib etdirirdin?” sözlərini onun üzünə çırpmaq istəyirsən.
Nə yaxşı ki, ilahi ədalət var. Qorbaçov özü də vəzifəsində çox qala bilmədi. Amma Heydər Əliyev xalqının sevgisi gücünə 1991-ci ildən siyasətə qayıtdı, 1993-cü ildən rəhbərlik etdiyi 10 il ərzində müstəqil Azərbaycan dövlətini gücləndirdi, xalqının sözünü yüksək kürsülərdən səsləndirdi. Onun adı tarixə dünyanın güclü siyasətçisi kimi yazıldı.
Heydər Əliyevin siyasi varisi İlham Əliyev isə Qorbaçovun arvadı və erməni dostları ilə birlikdə dolaşdırdığı erməni düyününü XXI əsrin 20-ci ilində kökündən kəsdi.
Əslində, buna Xeyirin Şər üzərində qələbəsi deyilir.
Xatirə SADİQ,
KONKRET.az