2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7 faiz və ya 9 505 ton, dəyər baxımından isə 35.4 faiz və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün hər tonunun orta idxal qiyməti 14 faiz artaraq 1 038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib.
Qarşıdan Yeni il gəlir. İnsanlar artıq bayram üçün alış-veriş etməyə başlayıb. Düyünün idxal qiymətinin bahalaşması marketlərdəki qiymətə necə təsir edib?
KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, düyünün bazar qiymətində artım yox, əksinə, azalma müşahidə edilir: “Hər bayramqabağı digər qida məhsulları kimi düyüyə də tələbat artır. 14 faizlik artım idxal edilən məhsulun yalnız bir tonuna şamil olunacaq. Bu səbəbdən artımın vətəndaşın büdcəsinə o qədər də təsir edəcəyini düşünmürəm. Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır. Bu sahədə digər qida məhsullarından fərqli olaraq, işbazların qiymət artımı yoxdur. Əksinə, endirimli qiymətlər mövcuddur. Bayram ərəfəsi tələbat olduğu üçün sahibkarlar satış həcmindən qazanır”.
G.Hüseynovanın fikrincə, hazırda qiymətlərdə artım müşahidə edilməsə də, bayramdan sonra cüzi bahalaşma ola bilər: “Bir kiloqram üçün artım 55-60 qəpik gözlənilir. Novruz Bayramı ərəfəsində alıcı artıq həmin məhsulu yeni qiymətlərlə alacaq. Sahibkarın bayramqabağı kampaniyası və ya hər hansı endirimi də ola bilər. Bu səbəbdən konkret rəqəm demək olmur. Dünyada gedən proseslər, ölkələrin iqtisadi vəziyyəti, inflyasiya, iqlim kimi faktorlar qiymətə təsir edir”.
İqtisadçı bildirib ki, xarici valyutanın məzənnəsi sabit qalsa da, sahibkar üçün bu vəziyyət fərqlidir: “Bir milyon manatlıq məhsula 140.000 manat artıq vəsait ödəyir. Qiyməti artırmağa məcburdur. Qiymətləri tənzimləmək üçün ilk növbədə yerli istehsala yönəlib idxal məhsulunu bazardan çıxarmaq, qısa müddətdə mümkün olmadıqda, güzəştli idxal gömrük rüsumları ilə ölkəyə daxil etmək lazımdır. Lakin düyü yüksək tələbat olmayan məhsul olduğu üçün bu seçimlərin ikisi də hazırda gözlənilmir”.
İqtisadçı Rauf Qarayev isə deyib ki, daxili bazarımızın böyük hissəsini ixrac məhsulları tutur: “Düyü istehsalımız tələbatı ödəmədiyindən digər ölkələrdən düyü idxal etməyə məcburuq. Pakistan düyüsü ilə bağlı Nazirlər Kabinetinin qərarı 2022-ci ilin dekabrından qüvvəyə minib və 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. Pakistan düyüsünün gömrük rüsumundan azad edilməsi ilə oradan gətirilən düyü miqdarı artıb”.
R.Qarayev əgər qiymətlərdə süni artımlar olarsa, atılmalı vacib addımlardan da bəhs edib: “Bayramla əlaqədar düyünün qiymətinin o qədər də artacağını düşünmürəm. Çünki düyüyə olan tələbatın artması daha çox Novruz bayramına təsadüf edir. Həmin bayramda çərşənbələr zamanı insanlar plov bişirir. Həmçinin ölkəmizin düyüyə olan tələbatı digər qonşu ölkələrlə müqayisə etdikdə xeyli azdır. İdxal qiymətlərinin yüksəlməsi də düyü qiymətlərinin artımına səbəb olmayacaq. Çünki qiymətin sabitləşməsi üçün tədbirlər görülür. Əgər süni qiymət artımları olarsa, bunun qarşısının alınması üçün digər ölkələrdən gətirilən düyülər də vergi və gömrük rüsumlarından azad edilə bilər. Bu da effekt verməzsə, düyü istehsalımızın artırılması üçün tədbirlərin görülməsinə ehtiyac yaranacaq”.
İqtisadçı bildirib ki, Azərbaycanda da düyü istehsal edilir. Lakin qiyməti baha olduğundan daha çox xaricə ixrac olunur: “Azərbaycan düyüsü idxal edilənlərdən qat-qat keyfiyyətlidir. Bizdə düyünün yetişdirilməsi baha başa gəlir. Həmçinin ildə bir dəfə əkilir. Maya dəyərinin yüksək olması da qiymətini qaldırır. Ölkəmizdə əkilən düyünün ixracı həyata keçirilir, Rusiya bazarlarına çıxarılır. Yerli düyünün qiyməti baha olduğundan insanların seçimi əsasən xarici məhsullar olur”.
R.Qarayev düşünür ki, bazarda yerli məhsula tələbat olmasına da çalışmaq lazımdır: “Yaxşı olardı ki, məhsulumuz yerli tələbatımızı tam ödədikdən sonra xaricə getsin. Lakin bizim fermerlərimiz məhsullarını daxilə yox, xaricə çıxarmağa daha maraqlıdırlar. Ümumiyyətlə, maya dəyəri daha ucuz başa gələn məhsulların yetişdirilməsinə çalışmaq lazımdır”.