Obamanın Ermənistana səfəri ermənilərə nə vəd edir? – Ekspert şərh edir…backend

Obamanın Ermənistana səfəri ermənilərə nə vəd edir? – Ekspert şərh edir...

Ramil Məmmədli, hərbi ekspert

Ramil Məmmədli: “Obamanın Ermənistana səfərinin Azərbaycan üçün heç bir mənfi fəsadı yoxdur”.

Bu il oktyabr ayının əvvəlləri Ermənistan informasiya texnologiyaları üzrə WCIT 2019- sammitinə ev sahibliyi edəcək. Foruma 70 ölkədən 2500 nümayəndə heyətinin  qatılacağı gözlənilir. Onların arasında ermənilərin ən çox önəm verdiyi isə, ABŞ-ın sayca 44-cü prezidenti olmuş Barak Obamadır.  Mətbuat Obamanın gəlişinə ermənilərin yaman səy göstərdiklərini yazır. Bu isə təbii ki, müəyyən sualların yaranmasına səbəb olur.

Görəsən Obamanın Ermənistana səfərini ermənilər niyə bu qədər çox arzu edirlər? Bu səfər ermənilərə  nə verə bilər?

Konkret.az mövzunu hərbi ekspert Ramil Məmmədli ilə müzakirə edib.  Ekspert bildirib ki, Ermənistan son bir il ərzində öz siyasi xəttində ciddi şəkildə dəyişikliklər edib.  Paşinyan hökuməti Avropa ilə inteqrasiyanın və əməkdaşlığın gücləndirilməsinə böyük cəhdlər edir: “Bu cəhdlərdən biri də, Qərbin tanınmış ictimai-siyasi xadimlərinin Ermənistana səfərini və bu səfərlər çərçivəsində bir sıra danışıqların aparılmasını təmin etməkdir. Obama ABŞ-ın sayca 44-cü prezidenti olsa da, müəyyən dövlət qurumlarında və siyasi dairələrdə nüfuz sahibidir. Ermənilər hesab edirlər ki, Obamanın Ermənistana səfəri beynəlxalq aləmdə və siyasi arenada müəyyən qapıları bu ölkənin üzünə aça bilər. Bu, erməni lobbisinin fəaliyyətinin tərkib hissəsidir”.

Ramil Məmmədli əlavə edib ki, Ermənistanın Qərbə inteqrasiyası və Rusiyadan uzaqlaşması region üçün çox vacib və müsbət məsələlərdəndir: “Çünki Ermənistan uzun illərdir Rusiyanın forpostu rolunda çıxış edir.  Eləcə də  onun maraqlarına xidmət edərək, qonşu ölkələrə qarşı ərazi iddiası irəli sürür və işğalçılıq niyyətlərini həyata keçirir. Təbii ki, Qərbin də bu məsələlərdə öz maraqları mövcuddur. Qərb Ermənistanı tam olaraq öz təsir dairəsinə salmaq istəyir. Lakin hələlik bunu reallığa çevirmək mümkün deyil. Çünki Ermənistanda Rusiyanın maraqlarına xidmət edən çoxlu sayda siyasətçilər və ictimai xadimlər var. Hesab edirəm ki, Paşinyan və komandasının öz qarşısına qoyduğu məqsədə çatması üçün, Ermənistanda bir sıra siyasi xadimlər zərərsizləşdirilməlidir. Amma hələlik Ermənistana görə,  Rusiya və ABŞ arasında soyuq müharibə gedir. Barak Obamanın Ermənistana səfəri isə bu soyuq müharibənin gərginləşməsinə səbəb olacaq”.

Ekspertin sözlərinə görə, Obamanın Ermənistana səfərinin Azərbaycan üçün heç bir mənfi fəsadı yoxdur: “Barak Obama vaxtilə Azərbaycana da səfər edib. Ümumiyyətlə ABŞ-ın istər rəsmi, istərsə də qeyri-rəsmi şəxsləri dəfələrlə ölkəmizdə səfərdə olublar. ABŞ dünyanın super dövlətidir və o ölkələrlə öz maraqları çərçivəsində  danışır.  Bu baxımdan  Azərbaycan öz xarici siyasətini düzgün istiqamətləndirib və ABŞ-la normal münasibətləri saxlamağa çalışır”.

 

Müsahibəni aldı: Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*