Xalq artisti, tamaşaçıların “Arşın mal alan” filminin Asyası kimi tanıdıqları aktrisa Xuraman Hacıyeva ömrünün son günlərinə qədər Gənc Tamaşaçılar Teatrında çalışıb. Aktrisa teatrın səhnəsində saysız-hesabsız rollar oynayıb.
Zahirən və daxil gözəl olan aktrisanın bu keyfiyyəti səhnədə oynadığı rollara da sirayət edirdi, onlara bir başqa gözəllik qatırdı. Olduqca ziddiyətli həyat yaşayan aktrisanın təəssüf ki, taleyi də üzünə gülmür. Ömrünün son illərində ehtiyac içərisində yaşayan aktrisa qəflətən küçədə vəfat edir.
KONKRET.az xəbər verir ki, xalq artistini sənət yoldaşları Moderator.az da xatırlayıblar.
Xalq artisti Tariyel Qasımov Xuraman Hacıyeva ilə birlikdə tamaşa oynadığı illəri belə xatırlayıb.
“Xuraman həm xanım kimi, həm də bir sənətkar kimi sevdiyim aktrisa olub. Mənim ən parlaq və sevilən rollarım onunla tərəf müqabili olduğum tamaşalarda bəyənilib. Həmişə sevgi rolları oynadığımız üçün tamaşaçılar elə bilirdilər ki, biz ailəliyik. Hətta küçədə bizi yaşlı qadınlar saxlayıb deyirdilər ki, bir-birinizə çox yaraşırsınız. Xuraman da onlara deyirdi ki, biz evli deyilik, sənət dostuyuq. Şəxsi həyatda heç bəxti gətirmədi. Qızı türk vətəndaşına ərə getdi. Türk kürəkəni də ona evini satdırıb dedi ki, gəlib bizlə yaşayarsan. Evin pulunu mənimsədi, Xuramanı Türkiyəyə aparmadı. Xuraman uzun müddət kirayətdə yaşamalı oldu. Öləndə küçədə rəhmətə getdi. Çoxlu pul borcları qalmışdı. Biz yaxın dostları onun borclarını ödədik. Kəndlərində-Ucarda dəfn etdik” deyə sənətkar bildirib.
Xalq artisti Yasin Qarayev bildirib ki, Xuraman Hacıyeva səhnədə gözlənilməz vəziyyətlərdən böyük ustalıqla çıxmağı bacarırdı. “Xuramanda qeyri-adi, çoxlarında olmayan səhnə şarmı, mədəniyyəti var idi. Mən bunu sirr kimi qəbul edirəm. Xuraman səhnədə tərəf müqabilinə köklənməyi bacarırdı. Həddindən artıq həssas idi. Çox gözəl xanım idi. Sevgili, lirik-psixoloji rolları bacarıqla oynayırdı. “Komsomol” əsərində mən Cəlalı, o Humayı oynayırdı. Humay rolunu o Gəncə Dövlət Dram teatrında da oynamışdı, hazırlıqlı gəlmişdi. Əsl Humay idi. Xuraman Hacıyeva böyük bir məktəb keçmişdi. Onunla oynamaq çox rahat idi. Cənub bölgələrindən birində tamaşa oynayırdıq. Məmmədağa Dadaşov, Hüseynağa Sadıqov, Xuraman Hacıyeva və mən. Məmmədağa müəllimin səhnəyə gəlmə yeri idi, Xuraman xanım səhnəyə çıxıb rolunu oynadı və tamaşaçıların hiss etməyəcəyi səsdə dedi ki, “Məmmədağa müəllim gələ bilməyəcək”. Sonra yenə də öz yerində səhnəyə gəlib dedi ki, “Məmmədağa müəllim pilləkəndən yıxılıb, ayağı sınıb”. Biz həmin səhnələri improvizə ilə oynadıq. Tamaşaçı hiss etmədi ki, burada hansısa bir aktyor gecikib, yaxud da gəlməyib. Xuramanda bu qabiliyyət var idi. Sözsüz səhnələri gözəl oynayırdı. Xuraman xanım Leyla Bədirbəylini çox sevirdi, hiss olunurdu ki, bəzi səhnələrdə ona bənzəmək istəyir. Leyla Bədirbəylini çox sevdiyi üçün qızına da Leyla adını vermişdi. Allah ona qəni-qəni rəhmət etsin. Heyf ki, çox yaşamadı. Arada Naxçıvana da getdi. Amma sonradan qayıdıb doğma teatrına gəldi” deyə aktyor bildirib.