Ölkədə internetin keyfiyyəti və rəqəmsallaşma ilə bağlı hansı işlər görülüb? – AÇIQLAMAbackend

Ölkədə internetin keyfiyyəti və rəqəmsallaşma ilə bağlı hansı işlər görülüb? - AÇIQLAMA

Getdikcə daha çox rəqəmsallaşan dünyada internetə olan tələbat həddindən artıq çoxalıb. Belə bir məqmda ölkələr sürətli internetə çıxış əldə etmək üçün müxtəlif yeniliklər axtarırlar və bu istiqamətdə müasir texnologiyanın imkanlarından geniş şəkildə yararlanmağa çalışırlar. Hələ yüksək həddə olmasa da, Azərbaycan internetin keyfiyyətinin artırılması, rəqəmsallaşmanın bütün sahələrdə tətbiq olunması istiqamətində müəyyən addımlar atmağa nail olub. Lakin hələ də bəzi hallarda internetin keyfiyyəti ilə bağlı problemlərə rast gəlinir.  

Mövzunu KONKRET.az-a şərh edən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internetin dayanıqlı olması üçün 2024-cü ilə qədər bütün ölkə üzrə ən ucqar rayon və kəndlərin belə fiberoptik internetlə bərpa olunması barədə öhdəlik götürüb: “Hazırda bir milyondan artıq ailə təsərrüfatı fiberoptik internetlə təmin olunub. Avropa Birliyi ölkələri daha çox interneti zəruri kommunal xidmətlər arasında görürlər. Buna görə də, internetə qarşı yanaşma dünyada dəyişib. Biz Azərbaycanda bu istiqamətdə kifayət qədər müsbət hallar olduğunu deyə bilərik. Digər tərəfdən Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Bu, tənzimləyici qurumdur. Adıçəkilən qurum öz-özlüyündə internetin rəqabət qaydalarını və keyfiyyətin standartlarını formalaşdıracaq. Hətta bunun üçün reyestr də yaradılıb və məlumatlar toplanır”.

Ekspertin sözlərinə görə, bu gün bütün transfarmasiya internetin üzərindədir: “Rəqəmsal transfarmasiyadan danışırıqsa, bunun fundamental infrastruktur tərəfi internetdir. Yəni hər şey oradan başlayır. Odur ki, biz yaxşı xidmət tələb ediriksə və elektron xidmətlərin həcmini artırmaq istəyiriksə, o zaman internetin strukturunu və keyfiyyətini yüksəltməliyik. Bu gün bütün dövlət qurumları və nazirliklər ənənəvi xidmətlərini rəqəmsallığa çevirirlər. Əmək münasibətləri alt sistemi, əmək birjası, məşğulluq xəritəsi və reyestri rəqəmsallaşıb. Yəni kiçik bir qurumda ötən il 5 innovativ həll ortaya qoyulub. Bütün ölkədə işəgötürmə sistemi rəqəmsallaşıb. Bir sözlə, hazırda həm rəqəmsallaşma, həm də internetin kefiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər cəmiyyətdə kifayət qədər müsbət rəy formalaşdırıb”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*