“Ölkədə vəziyyət yaxşı deyil” – Virusla bağlı HƏYƏCAN TƏBİLİbackend

“Ölkədə vəziyyət yaxşı deyil” - Virusla bağlı HƏYƏCAN TƏBİLİ

Ölkə ərazisində qrip virusu tüğyan edir. Bunu insanların sağlamlıq vəziyyətinə nəzər salanda asanlıqla anlamaq mümkündür. Lakin həmin xəstəliyin qrip olmadığı, daha ağır versiyalar barədə iddialar da az deyil.

Bəs insanların yoluxduğu xəstəlik həqiqətən qripdir, yoxsa koronavirus yenidən qayıdıb? Əhali arasında narahatlığa səbəb olan iddiaların gerçəklik payı nə qədərdir?

KONKRET.az xəbər verir ki, əhalinin sağlamlıq durumunu dəyərləndirən professor, həkim Adil Qeybulla bu barədə Yenisabah.az-a danışıb və önəmli məlumatlar açıqlayıb:

“Hazırda epidemioloji vəziyyət heç ürəkaçan deyil. Bir tərəfdən koronavirusun “Omikron” ştammı hələ də davam edir. Digər tərəfdən isə rotaviruslar, elə qrip virusunun özü və başqaları, bütün bunlar qarışıq mənzərə yaradır. Həmçinin, qızılca virusunun da yaxın vaxtlara qədər narahatlıq yaradacaq dərəcədə olmasını da unutmaq olmaz. Ona görə hesab edirəm ki, hər bir situasiyada əhali maarifləndirilməlidir. Səhiyyə Nazirliyinin, dövlətin nəznində olan nə qədər laboratoriyalar var. Hər bir halda, viruslar identifikasiya olunmalı və əhaliyə məlumat verilməlidir. İnsanlar özlərini hansı formada qorumalı olduqları barədə bilgiləndirilməlidirlər. Çox təəssüflər olsun ki, biz bunları görmürük. Bununla bağlı rəsmi məlumatlar olduqca azdır. Belə olan halda, əhali arasında şayiələr baş alıb gedir. Nəticədə narahatlıq halları daha da artır”.

Həkim xəstəliyə yoluxan şəxslərə bir sıra vacib tövsiyələr də verib:

“İstənilən təqdirdə, əgər virusa yoluxma yuxarı tənəffüs yollarının infeksiyasına təzahür edirsə, mütləq yataq rejiminə keçilməli, bol maye qəbul edilməli və sonrakı mərhələdə həkim çağırılmalıdır. Amma xəstəlik qusma və diareya ilə müşaiyət olunursa, o zaman su və mineral itkisi çoxalıb deməkdir. Xüsusən, bu prosesi uşaqlar daha ağır keçirir. Ona görə də mütləq həkim təyinatı əsasında müalicə almaq lazımdır. İstənilən halda, müvafiq strukturlar bunu əhaliyə tövsiyyə etməlidir ki, konkret protokolun hansı hissəsi ambulator şəraitdə, hansı stasionar olmaq məcburiyyətindədir. Həmin göstərişlər protokolda öz əksini tapmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib. Rəsmi qurum qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*