Fərqli ölkələr gəzmək, görmək, sözsüz ki, hər kəsin arzusudur. Lakin bəzi məmləkətlər uzaqdan nə qədər xoş, cazibədar, daha müstəqil görünsə də, qəti qadağaları da yox deyil. Və hər bir ölkənin sərhədləri daxilində mövcud qaydaları, qadağaları nə qədər təbii olsa da, digər xalqlar və toplumlar tərəfindən bəzən təəccüblə qarşılanır. Həmin ölkədə yaşamayan insanlar tərəfindən bu qadağaların mövcudluğu demək olar ki, qəbuledilməz hesab olunur.
KONKRET.az ölkələrin qəribə qadağalarını araşdırıb.
*Saqqız qadağası – Sinqapur
Sinqapurda “Tipitip” adlı bir şirkətə məxsus saqqızın satışına qadağa qoyulması ilə başlayan saqqız çeynəmə qadağası zaman keçdikcə elə bir hala çevrilib ki, ölkədə saqqızın alınması və istifadəsi qanunla tənzimlənir. Belə ki, 1994-cü ildə qəbul edilmiş qanuna görə, ölkədə insanlar yalnız həkim resepti ilə saqqız alıb istifadə edə bilərlər. Lakin Sinqapur vətəndaşları bu vəziyyətdən narahat olmadıqlarını bildirirlər.
*Oyun qadağası – Yunanıstan
Təsiri yavaş-yavaş azalmağa başlasa da, Yunanıstanda kompüter oyunlarına qadağa qoyulub. Ümumi yerlərdə kompüter, “xbox” və “playstation” oyunları oynamaq qadağandır, çünki rəsmilər bu oyunların qumara meyllilik yaratdığını düşünürlər. Qısa müddətdə qüvvəyə minən qanun ölkədə o qədər təsirli olub ki, bir çox internet-kafelərə reyd edilərək kompüterlər müsadirə olunub. Ölkədə kompüter dolayı da olsa, cinayət aləti kimi hələ də iş materiallarına daxil edilir.
*Qumar qadağası – Monako
Qumar qadağasından söz düşmüşkən, üz tuturuq dünyada qumarın paytaxtı kimi tanınan Monakoya. Nə qədər qəribə səslənsə də, bu ölkə vətəndaşlarına qumar oynamaq yasaqdır. Milyon dollarlıq investisiyalar hesabına lüks kazinoların açıldığı Monakoda vətəndaşların qumar oynaması qəti qadağandır. Maraqlıdır ki, digər ölkə vətəndaşları bu ölkədə rahatlıqla qumar oynadığı halda, Monako vətəndaşları dəbdəbəli kazinoların qapısından belə girə bilmir.
*Göyərçin saxlamaq qadağası – İtaliya
İtaliyanın bir çox şəhərində keçərli olan bu qadağanı pozanlara xüsusilə Venesiyada sərt cəzalar tətbiq edilir. Göyərçin nəcisinin tarixi tikililərə ziyan vurduğu səbəbilə qoyulan bu qadağaya əməl edilmədiyi təqdirdə insanlar 400-500 avro cərimə olunur.
*Sarı rəng qadağası – Malayziya
Malayziyada sarı rəngli paltar geyinmək qadağandır. Səbəb isə etirazçıların, müxalifətin mitinqlərdə bu rəngli paltarla küçələrə çıxması göstərilir. Rəsmilərə görə, sarı rəngli paltar geyinən şəxslər hökumətə etiraz etməyə çalışırlar.
*Başmaq qadağası – İtaliya
İtaliyanın Kapri adasında başmaq geyinmək qadağandır. Səbəb isə onların gündəlik istifadə edilən ayaqqabılardan daha çox səs-küy çıxarmasıdır. İtalyanlar hesab edir ki, çimərliyə dincəlmək üçün gələn insanları başmaq səsi ilə narahat etmək doğru deyil.
*Fit çalmaq qadağası – Kanada
Kanadanın bəzi bölgələrində fit çalmaq qadağandır. Səbəb isə müxtəlif cadu əməllərində, rituallarda fit çalmaq taktikasından istifadə olunmasıdır.
Semra Ələkbərli,
KONKRET.az