Son günlər ölkənin ən qalmaqallı vəkili kimi ad çıxaran və media manşetlərindən düşməyən Adəm Məmmədov haqqında yeni iddialar ortaya çıxır. Belə ki, onun gah ayrı-ayrı şəxslərə vəd verərək pullarını mənimsədiyi, gah da qaranlıq keçmişi olan şəxslərə iş birliyinə girdiyi və onlara vəkillik etdiyi haqda iddialar səsləndirilir.
KONKRET.az xəbər verir ki, bu dəfə Rusiya vətəndaşı olan Eldəniz Verdiyev adlı şəxs Adəm Məmmədovdan şikayətçi olub və onun haqqında ilginc iddialar səsləndirib. O bildirib ki, Adəm Məmmədov Rusiyada yaşayan, qanunsuz işlərlə məşğul olan Niyazov Ramin Mübariz oğluna vəkillik edir:
“Bu şəxsin atası Niyazov Mübariz Ramiz oğlu da 84 il iş alıb və 25 ildir ki, ömürlük məhbuslar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Adəm Məmmədov isə bu cür qaranlıq keçmişi olan şəxslərə vəkillik edir. Hazırda Ramin Niyazov Moskvada qanunsuz əməllərlə məşğuldur. Bu şəxslə mənim ədavətim 3 ildir davam edir. Onlar mənim biznesimi oğurlayıblar, çay içmək adı ilə çağıraraq zirzəmiyə salıblar. Sonra “cinayətkar axtarırıq” başlığı ilə şəkilimi böyüdüb divarlara vurublar. Hətta aralarında Hüseynov Etibar Qələndər oğlu adlı polisdən qovulan şəxs də var. Bu şəxs də Ramin Niyazovun dəstəsinə qoşulub. Onu “Food Siti” bazarında təhlükəsizlik xidmətində işə düzəldiblər. İndi Etibarın əli ilə oğurladıqları şəxsləri zirzəmiyə salaraq işgəncə verirlər. Məni Allah qorudu, 2 saatdan sonra bir nəfərin köməkliyi ilə buraxdılar. Amma məqsədləri döymək və işgəncə vermək idi. Bundan sora Azərbaycana uçanda məni “Bandotdel” tərəfindən saxladılar. Çünki bu adamlar haqqımda şikayət etmişdilər. Lakin araşdırma aparıb günahım olmadığını aydınlaşdırdıqdan sonra məni sərbəst buraxdılar. Baş verənlərə öz etirazımı bildirmək və kömək istəmək üçün ölkə başçısına videomüraciət etdim. Bundan sonra Adəm Məmmədov həmin şəxsləri qızışdırdı və onlar məni guya “şərəf və ləyaqəti təhqir etmə” xüsusi ittiham ilə məhkəməyə verdilər. İki ilə yaxındır məni məhkəmələrdə süründürürlər. İkimiz də Rusiya vətəndaşıyıq, bütün proseslər Rusiyada baş verib. İndi Adəm Məmmədov adını çəkdiyim həmin şəxslərdən böyük pullar alaraq məni həbs elətdirəcəyini vəd verir. Bir dəfə Nizami Rayon Məhkəməsinə verdilər. Ancaq məhkəmə prosesi ləğv etdi və Gəncə məhkəməsinin baxmalı olduğunu bildirdi. Bundan sonra Adəm Məmmədov Səbail Məhkəməsində iş qaldırdı. Məhkəmədə özbaşına hərəkətlərə yol verir, düzgün olmayan sənədlər təqdim edir. Hazırda Rusiyaya gedə bilmirəm, çünki həmin adamlar ölümümə fərman veriblər. Bir sözlə, Adəm Məmmədov bu cür qanunsuz işlər görən şəxslərə vəkillik edir və işini düzgün görmür. Hakimlərə, müstəntiqlərə təzyiq göstərməyə, ələ almağa çalışır. Bütün bu səbəblərə görə, mən Adəm Məmmədov barəsində müvafiq dövlət orqanlarına şikayət ünvanlamışam”, – Eldəniz Verdiyev öz iddialarında vurğulayıb.
Qeyd: Adəm Məmmədov haqqında səsləndirilən bütün iddiaları birmənalı olaraq rədd edir və bunun qərəzli, planlaşdırılmış kampaniya olduğunu bildirir. Hər bir halda Adəm Məmmədovun cavab haqqını tanıyırıq və dərc etməyə hazırıq!