“Aygün xalqın gözündə Xalq artisti idi, çünki ona olan sevgi o həyatda olmasa da bu gün belə azalmayıb”.
KONKRET.az azxeber.com-a istinadla xəbər verir ki, bunu mərhum Əməkdar artistin bacısı Zümrüd Aygün (Hümbətova) deyib.
O, ölümündən sonra Aygün Bəylərə Xalq artisti adı verilməsi təklifi ilə bağlı danışıb:
“Belə bir təklif rəsmi şəkildə olmadı. Heç gözləmirdik də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. Bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər.
Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin!”
Bacısı Əməkdar artistin Suraxanı qəbristanlığında dəfn olunma vəsiyyətindən də danışıb:
“Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbristanlığında dəfn edin, Fəxri xiyabanı istəmirəm. Ona görə də vəsiyyətini yerinə yetirdik”.