Məşhur aktrisa Ketrin O’Haranın qəfil ölümünün bəzi detalları məlum olub.
KONKRET.az xəbər verir ki, “Evdə tək” filminin ulduzu vəfat etməzdən bir qədər əvvəl özü “911” xidmətinə zəng edərək kömək istəyib.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin sözçüsü nəşrə bildirib ki, yanvarın 30-da yerli vaxtla saat 04:48-də aktrisanın evindən zəng daxil olub:
“Hadisə yerinə gələn təcili yardım briqadası təxminən 70 yaşlarında olan qadını ağır vəziyyətdə xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.
Aktrisanın təmsil olunduğu “Creative Artists Agency” sənətçinin qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, O’Hara “situs inversus” adlı nadir anadangəlmə patologiyadan əziyyət çəkirdi. Bu zaman insanın ürəyi və digər daxili orqanları bədəndə əks tərəfdə yerləşir.
Xatırladaq ki, 71 yaşında vəfat edən aktrisanın Bo Uelç ilə nikahından iki oğlu var.
