“İndi prioritetlərdən biri Prezident Ərdoğanın təklif etdiyi altılıq platformasıdır. Prezidentimiz cənab Putinə Gürcüstanın da bu platformaya girməsini təklif etdi. Gürcüstanla aralarındakı problemlərə baxmayaraq, cənab Putin son dərəcə uzaqgörənliklə prezidentimizin təklifi ilə razılaşdı. İrana gəldikdə isə… Cənab Əliyev də, Putin də, prezidentimiz də İrana müsbət münasibət bəsləyir. Bu tarixi bir fürsətdir. Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan vahid platformada olacaq. Bu baxımdan, Ermənistanın da bu məsələyə düzgün yanaşması lazımdır. Əslində bu, Ermənistan üçün bir fürsətdir.Texniki danışıqlar irəliləyir, hələlik mənfi bir şey yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik son günlərin gündəmini şərh edərkən söyləyib. Çelik deyib ki:“Bilirsiniz ki, Rusiya ilə Gürcüstan arasında bəzi problemlər var. Hörmətli prezidentimiz cənab Putinə Gürcüstanın da altılığa girməsini təklif etdi və sonunda cənab Putin razılaşdı”.
Partiyanın sözçüsü əlavə edib ki, “ATƏT-in Minsk Qrupunun 30 il ərzində Dağlıq Qarabağda davamlı sülh üçün nə isə etdiyinə aid bir dənə də olsun fakt yoxdur. Təşkilat birmənalı şəkildə sülhü təmin edə bilmədi. İndi bu qrupun üzvü olan Fransa daim Türkiyəyə müqavimət göstərməyə çalışır və Türkiyə harada olursa olsun, onun qarşı tərəfində yerləşməyə çalışır. Bu, məsələlərin həllinə heç bir şəkildə kömək etmir. Fransa doğrudan da bu problemlərin həllində sağlam bir rol oynamağa çalışırsa, onda yanaşma tərzini dəyişməlidir. Ən etibarlı yol Türkiyə ilə doğru platformalarda, doğru dildə danışmaq və daima diplomatik həll yolları axtarmaqdır. Əks təqdirdə Fransa fanatik erməni maraqlarını rəhbər tutduqca, Qafqazda sülhə təhdidlər olacaq”.
Surxay Atakişiyev,
KONKRET.az