“Bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən özünə hədiyyə olunan atın təqdimatında deyib.
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov:
Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.
Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.
Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir.
Xatırladaq ki, bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atını hədiyyə etmişdi.
17.07.2025
22.08.2025