“Onu tanımayan özünü tanımır” – Toyda kriminal söhbət ölümlə bitdibackend

“Onu tanımayan özünü tanımır” - Toyda kriminal söhbət ölümlə bitdi

Saray qəsəbəsində toydan çıxarkən üç nəfər tərəfindən bıçaqlanan şəhid qardaşı qətl törədib. O, üç nəfərə müqavimət göstərərkən bıçağa əl atıb və onlardan birinin ürək nahiyyəsinə zərbə endirib. Mərhumun ailəsi onu bağışlayıb.

KONKRET.az xəbər verir ki, hadisəni törədən 37 yaşlı Mürvət Əliyevdir. Ailəlidir və iki övladı var.

Mürvət Əliyev hadisə günü Saray qəsəbəsində restoranda dosu Elgünün oğlunun kiçik toy məclisində olub. Onunla dava edən üç nəfər də eyni məclisdə olub. İstintaqla müəyyən olunub, Mürvət Əliyev içkili olmayıb, amma digər üç nəfər içkili olub.

Onlar Rövşən, Araz və Seymur adlı şəxslərdir. Mürvəti söhbətə ilk dəvət edən Araz olub. Onlar bir-birlərini daha əvvəl tanısalar da yaxın münasibətləri olmayıb. Tərəflərin kriminal aləmə meyilli olması işdə diqqət çəkən məqamlardan biridir.

Cinayət işi materiallarından və şahidlərin ifadələrindən məlum olur ki, davanın baş verməsinə ciddi bir səbəb olmayıb. Saat 22 radələrində Mürvət foyedə olan zaman Araz ona yaxınlaşaraq söhbət etmək istədiyini deyib. Restoranın həyətində söhbət etməyə gediblər. Araz Mürvətə deyib ki, onun haqqında “”narmalni” oğlan” ifadəsini işlətməsinin səbəbini nədir? Mürvət də deyib ki, tanımadığı şəxslər ondan “Araz necə oğlandır?” deyə soruşanda o da belə cavab verib.

Mürvət burada pis bir ifadə işlətmədiyini, olanı dediyini bildirib. Buna görə də mübahisə böyüyüb. Onların yanına Arazın tanışları Seymur və Rövşən də gəlib. Mübahisə davay çevrilib. Ətrafda olanlar onları sakitləşdirməyə çalışıb.

Mübahisə zamanı tərflərin hər birinin bıçağı və kəsici alətləri olub. Tərəflər ilk zərəbəni kimin vurması məsələsində bir-birlərini ittiham edirlər. Amma istintaqın gəldiyi nəticə belədir ki, Mürvətə üç bıçaq zərbəsi vurublar. O, da affekt vəziyyətində bıçaq çıxararaq sağa-sola zərbələr endirib. Bu zaman bıçaq zərbələrindən biri Rövşən Əbilovun ürək nahiyyəsindən dəyib.

Mürvət Əliyev ifadəsində deyib ki, nə mərhumla, nə də digərləri ilə əvvəlcədən ədavəti olmayıb:

“Məclisdə Araz qoluma girib restorandan çıxardı. Onun sərxoş olduğunu bildim. Sonra Rəşad və Seymur da gəldi. Onlar da sərxoş idi. Rəşad Arazdan əsəbi şəkildə nə baş verdiyini soruşdu. Mən də dedim ki, sabah söhbət edərik. Rəşad məndən Abdullanı tanıyıb-tanımadığını soruşdu. Mən də adını eşitdiyimi dedim. Seymur sinəmdən əli ilə vuraraq “sən Abdullaya tay ola bilməzsən” dedi. Araz bıçaq çıxarıb sağ çiynimdən vurdu. Seymur da sinəmdən bıçaqla vurdu. Rəşad da bıçaqla
sağ dirsəyimdən vurdu. Araz məni vuranda qan üzümə fışqırdı. Kimsə ölümü, dirimi söydü. Mənim qardaşım şəhiddir. Bu söyüşdən sonra özümü itirdim. Bıçağı çıxarandan sonra olanları xatırlamıram. Dostum Ramilin məni silkələməsindən sonra özünə gəldim. Bıçaq əlimdən yerə düşdü. Ramil mənə “sən neynədin?” dedi”.

Mürvət Əliyev əlavə edib ki, hadisə yerindən uzaqlaşanda dostu Ramil ona üç nəfəri bıçaqla vurduğunu deyib. Sonra da həmin şəxslərdən birinin öldüyünü öyrəniblər.

“Ramil mənə dedi ki, üç nəfər məni vurub. Mən də bıçaq çıxarıb onların üstünə getmişəm. onlardan birini vurmuşm”- deyə Mürvət ifadəsinə əlavə edib.

Məlumata görə mərhum Rövşən bir neçə dəfə məhkumluq həyatı yaşayıbmış. Sonuncu dəfə isə polisə müqavimətə görə həbs edilibmiş.

Hadisənin əsas səbəbkarı kimi bilinən Araz ifadə verərkən deyib ki, mübahisənin başlamasına səbəb mərhum Rəşadın içkili vəziyyətdə Mürvətə “sən məni tanıyırsan?” sualını verməsi, Mürvətin isə “tanımıram” deməsi olub:

“Mürvət Rəşada dedi ki, onunla söhbət eləmir. Buna görə də sakit durmasını, söhbətə qarışmamasını istədi. Birinci mənim bıçaqla Mürvəti vurmağım doğru deyil. Məndə bıçaq yox, tiyə formalı dəmir var idi. Birinci Mürvət məni vurub. Ara qarışdığı üçün mən də özümü müdafiə etmişəm. Məqsədim Mürvəti öldürmək olmayıb. Baş verənlərə görə çox peşmanam”.

Məhkəmədə dindirilən Seymur da digərləri kimi oxşar ifadə verib. Əlavə olaraq qeyd edib ki, mərhum Rövşən Mürvətə “Abdullanı tanımayan, özünü tanımır” deyib. Mübahisə də bu zaman qızışıb.

Məlumata görə Abdulla kriminal aləmə yaxınlığı ilə tanınan və bu çevrədə nüfuza sahib olan bir şəxsdir. O, hazırda həbsdədir.

Məhkəmə araşdırması zamanı məlum olub ki, mərhumun ailəsi Mürvəti bağışlayıb və ondan şikayətçi olmayıblar.

İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb. Onun barəsində Cinayət Məcəlləsinin 122.1-ci (affekt vəziyyətində adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olması ilə bağlı rəy verib.

Abşeron Rayon Məhkəməsi Mürvət Əliyevin 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və ayağına elektron təqib cihazı taxılması ilə bağlı hökm çıxarıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*