Artıq bir ildən çoxdur ki, bütün dünyada, o cümlədən də Azərbaycanda tüğyan edən koronavirus pandemiyası səbəbindən ölkədə karantin rejimi tətbiq olunub. Karantin tədbirləri nəticəsində Operativ Qərargah tərəfindən bir sıra qaydalar müəyyən edilib. Lakin Operativ Qərargahın “açıq havada maska taxmaq” qərarı cəmiyyətin demək olar ki, bütün təbəqələri tərəfindən birmənalı qarşılanmır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli Qərargahın “açıq havada maska taxmaq” qərarını belə şərh edib: “Açıq havada maska taxmaq məcburiyyəti cərimə və maska satmaq üçündür. Virusdan qorunub-qorunmamağa heç bir təsiri yoxdur.
Operativ Qərargah məntiqlə işləsə, bu qərar çoxdan ləğv edilməli idi. Orta məktəb şagirdi də bilir ki, insan orqanizmində ən çox mikrob və virus ağız boşluğunda toplanır, onun qabağını kəsib, inkubator şəraiti yaradıb daha da çoxaldırlar”.
Müşviq Tofiqoğlu
KONKRET.az