Oqtay Abdullayev: “İstəyirik ki, bütün klublar veteranlara pul versin” – MÜSAHİBƏbackend

Oqtay Abdullayev: "İstəyirik ki, bütün klublar veteranlara pul versin" - MÜSAHİBƏ

KONKRET.az xəbər verir ki, Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayevin “Report”a müsahibəsi

– Bu gün FVİ-nin təşəbbüsü ilə veteranların görüşü keçirilb. Əvvəlcə yığıncaq barədə fikirlərinizi bilmək maraqlı olardı…

– Təşəbbüs bizdən – Veteranlar İttifaqından gəldi. Görüş ölkə futboluna dəstək üçün təşkil olunmuşdu.

– Bu görüşdən sonra veteranlar arasında buzların əridiyini söyləmək olarmı?

– Nə buz var idi ki, ərisin?

– Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqı ilə sizin başçılıq etdiyiniz qurum arasındakı narazılığı nəzərdə tuturuq…

– Orada Həmkarlar İttifaqının məsələsinə baxılmırdı. Görüşdə müzakirə olunan əsas məsələlər veteranların futbol sahəsində işləməsi, onlara pul yardımının verilməsi idi. Yenə deyirəm, mənim Nazim müəllimlə heç vaxt ədavətim olmayıb. Veteran futbolçudur, dahi oyunçulardan biri olub. FVİ sədri olaraq, ora bütün veteranları dəvət etmişdim. Burada hər hansı ayrı-seçkilik ola bilməz. Məqsədim veteranları bir araya gətirmək idi. Ola bilər ki, kimsə kimdənsə incisin. Bunların hamısını aradan götürüb, birlikdə Azərbaycan futboluna dəstək olmalıyıq.

– Dediyiniz inciklik aradan götürüldü?

– Niyə götürülməsin ki?! Mən Nazim Süleymanovla görüşdüm. O, özü də hamı ilə salamlaşdı. Tədbirdən sonra yenə öpüşüb-görüşdük. Aramızda heç bir problem yoxdur. Sadəcə, şişirdirlər.

– Fotolardan görünür ki, bir çox veteranın geyimində nişan olsa da, Nazim Süleymanov və Həmkarlar İttifaqının üzvlərində həmin nişandan yox idi. Bu, nə ilə bağlı idi?

– Tək onda deyil, çoxunda yox idi. Onların adlarını yazmağı çatdırmadıqları üçün belə alındı.

– Nazim Süleymanov tədbirdə çıxış edib. O, nədən danışdı?

– Bəli, çıxış etdi, veteran futbolçu kimi öz fikirlərini bildirdi. Heç bir problem yaranmadı. Bilirsiniz, bizdə belədir: Veteranlar yığışmayanda deyirlər ki, yatıblar. Yığışanda isə deyirlər ki, niyə yığışıblar. FVİ ilk gündən işləyir. Bir veteran deyə bilməz ki, Oqtay Abdullayev ona imkanı daxilində kömək etməyib. Bütün veteranlara hər bir işdə kömək edirəm. Amma hamıya kömək etmək də olmur. Veteranlar bir deyil, iki deyil. Təkcə bugünkü tədbirə 200-dək veteran yığışmışdı.

– Bildirdiniz ki, görüşdə müəyyən müzakirələr oldu. Daha çox hansı məsələnin üzərində dayandınız?

– Veteranların statusunu təyin etmək, onları işlə təmin etmək, federasiya ilə əl-ələ işləmək, veteran futbolçuları regionlardakı oyunlara cəlb etmək, onların bilik və bacarıqlarından yararlanmaq kimi məsələləri müzakirə etdik.

– Az öncə qeyd etdiniz ki, görüşdə veteranlara maddi yardım göstərmək təklifi də irəli sürüldü…

– Dünyada heç bir federasiya veteran futbolçuya pul ayırmır. Sağ olsunlar, bizə bu şəraiti yaradırlar. Bir çox ölkədə veteranlara pulu klublar verir. Bizdə isə bu işi yalnız “Neftçi” görür. Biz istəyirik ki, bütün klublar versin. Elxan Məmmədov dedi ki, mən klub rəhbərləri ilə danışaram, çalışarıq, veteranlara pul köçürsünlər. Bunu müzakirə edəcəklər. Alınsa, yaxşı olar. Çünki veteranların da xeyir-şər işləri, ad günləri var.

– Həmin pulun veteranlara aylıq məvacib kimi verilməsi nəzərdə tutulur?

– Hələ bunun detallarını dəqiqləşdirməmişik. Birdəfəlik yardım kimi olmasını istəyirik. Klublardan bunu xahiş edəcəyik.

– Görüşdə veteranlara təqaüd verilməsi məsələsi də müzakirə olundu?

– Yox, belə bir müzakirəmiz olmadı. Təqaüdün hansı veterana verilib-verilməməsini müəyyənləşdirməkdən öncə onun statusuna aydınlıq gətirilməlidir. Elə veteran var ki, yığmada 50 oyun keçirib, eləsi də var ki, çox az oynayıb.

– Veteranlar görüşdən hansı təəssüratla ayrıldı?

– Hamısı razı qaldı. Bu gün müzakirə etdiyimiz məsələlər masa üzərində qalmayacaq. Gələn həftə AFFA rəhbərliyi ilə yenidən görüşəcəyəm. Onlar da klublarla danışacaqlar. Veteranlar kənarda qalmamalı, onların əziyyəti itməməlidir. Futbolda öz olanlar diqqətdən yayınmamalıdır. Elə futbolçu var ki, beznesə qoşulub. Biz ona nə kömək edək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*