Oqtay Qasımov: “Mher Qriqoryanın açıqlaması ilə Ermənistanın ənənəvi mövqeyi ifadə olunub”backend

Oqtay Qasımov: “Mher Qriqoryanın açıqlaması ilə Ermənistanın ənənəvi mövqeyi ifadə olunub”

Dünən Ermənistan  baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizinin açılmayacağını bildirib. Qriqoryan Zəngəzur dəhlizini Ermənistan üçün qırmızı xətt hesab edir: “Biz bir neçə dəfə təkrar etmişik ki, qırmızı xətlər var və onları keçmək sadəcə mümkün deyil. Mən bu termini müzakirə və şərh etmək belə istəmirəm, belə bir şey olmayacaq”, – deyə o, jurnalistlərə bildirib. Qriqoryan deyib ki, Ermənistan ölkənin suverenliyinin pozulmasına yol verməyəcək. Kommunikasiyaların açılması isə yalnız Ermənistanın ərazi bütövlüyü çərçivəsində baş tutacaq.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Mher Qriqoryan məsələyə tamam başqa müstəvidən yanaşır:

“Bu, Ermənistan cəmiyyətinə verilən mesaj kimi də dəyərləndirilə bilər. Yəni, Paşinyan və onun komandası hər zaman bildiriblər ki, Zəngəzurda beynəlxalq standartlarla nəzərdə tutulan dəhliz olmayacaq. Dəhliz ifadəsini arxa plana keçirmək üçün Mher Qriqoryan belə bir fikir bildirib. Çünki dəhliz, xüsusi ilə də Zəngəzur dəhlizi ifadəsi Ermənistan  cəmiyyəndə kifayət qədər narahatlıq yaradan termindir. Bu baxımdan Qriqoryanı başa düşmək olar. O, dəhlizin asanlaşdırılmış variantla açılmasına etiraz etmədiklərini də bildirir. Əslində bu məsələni başqa istiqamətdə dəyərləndirmək düzgün olmaz. Çünki bu açıqlama ilə Ermənistanın ənənvi mövqeyi ifadə olunub. Bütün hallarda Mher Qriqoryanın açıqlaması heç bir zaman Zəngəzur dəhlizinin açılmaması anlamına gəlmir. Onsuz da sonda Ermənistan dəhlizi açmağa  məcbur olacaq. Çünki bununla bağlı öhdəlik götürüb. Onlar yaxşı başa düşürlər ki, öhdəlikdən boyun qaçırmağın nəticələri ağır ola bilər. Sadəcə bu istiqamətdə müzakirələr ikili formatda aparılır. Zəngəzur dəhlizi ilə bağlı danışıqlar sülh müqaviləsinin tərkib hissəsi kimi müzakirə olunmur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*