Ordumuz istənilən vaxt düşmənin hərbi müdaxiləsinə tutarlı cavab verməyə qadirdir  – Polkovnikdən VACİB AÇIQLAMA…backend

Ordumuz istənilən vaxt düşmənin hərbi müdaxiləsinə tutarlı cavab verməyə qadirdir - Polkovnikdən VACİB AÇIQLAMA...

Bu gün Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan və erməni silahlı birləşmələri arasında toqquşma baş verib. Nəticədə Azərbaycan ordusunun 192 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb. Bundan başqa 511 hərbi qulluqçu yaralanıb. Sözügedən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf rayonlarımız tamamilə işğaldan azad edildi. Bu antiterror tədbirləri Ermənistana və onun havadarlarına yetərincə dərs oldumu? Nəzərə alsaq ki, son bir neçə aydır ki, erməni tərəfi Azərbaycan sərhəddində atəşkəsi pozur. Bir daha belə hərbi əməliyyatların yaxın gələcəkdə baş verməsi mümkündürmü? 

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov referansaz – a açıqlamasında bildirib ki, bu gün Azərbaycan xalqı canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımızı yad edir. Hər zaman olduğu kimi həm şəhidlərimiz həm də onların ailələri xalqımız və dövlətimiz tərəfindən uca tutulur. Biz ötən il antiterror tədbirlərinin keçirilməsi zamanı zəfər tariximizin yeni və qızıl hərflərlə yazılan səhifəsini yazmışıq. Bu hərbi tədbirlər qaçılmaz idi.

Polkovnik  vurğulayıb ki,  məlumdur ki, bölgədə ötən  ilə qədər rus sülhməramlıları var idi. Həmçinin onların da iştirakı ilə üçtərəfli  razılaşmaya görə ərazidəki erməniəsilli vətəndaşlar da Azərbaycana reinteqrasiya olunmalı idi. Lakin reallıqda isə başqa bir vəziyyət yarandı. Lakin bu antiterror tədbirlərinə qədər müşahidə edirdik ki, rus  sülhməramlılarının nəzarətində olan ərazilər vasitəsi ilə Ermənistanın 15 minə yaxın canlı qüvvəsi və böyük  hərbi texnikası bölgəyə toplanmışdı. Təbii ki, Azərbaycan heç bir halda bu  vəziyyətlə barışmadı.  Mütəmadi olaraq üçtərəfli razılaşmanın dördüncü bəndinə uyğun olaraq dövlətimiz tərəfindən həm Rusiyaya həm də Ermənistana qanunsuz silahlanma ilə bağlı etirazlar bildirilmişdi. Lakin heç bir  nəticə olmadığı üçün ölkəmiz 2020- ci ildəki kimi özü hərbi müdaxilə etməli oldu.

Hərbi ekspert həmçinin bildirib ki, antiterror tədbirləri  ərəfəsində Ermənistan özü üçün yeni havadarlar axtarışına çıxmışdı. Məlumdur ki, Avropa Birliyinin sülhməramlıları adı altında hərbçilər Ermənistana yerləşdirilmişdi. Bu prosesdə də lokomotiv rolunu Fransa oynayırdı. Lakin nəticə etibarilə  24 – saatdan da az bir müddətdə Azərbaycan silahlı qüvvələri antiterror tədbirlərini reallaşdıraraq bölgədə separatizmin kökünü tamamilə kəsmiş oldu. Bu qələbə dünya hərb tarixində xüsusi bir qələbə sayılır. Çünki bu əməliyyatlar zamanı heç bir mülki obyektə  və mülkü şəxslərə ziyan dəymədi. Bu gün dünyanın müxtəlif ali hərbi tədris  müəssisələrində Azərbaycanın həm İkinci Qarabağ savaşındakı həm də antiterror tədbirlərindəki  uğurları böyük maraqla öyrənilməkdədir.

“Ali baş komandanı bütün hərbi əməliyyatlarda mülki şəxslərin təhlükəsizliyinin qorunmasını tapşırmışdı. Bu tapşırıq da lazımi şəkildə hərbçilərimiz tərəfindən yerinə yetirildi. Azərbaycanın bu hərbi əməliyyatları bütün Cənubi Qafqaz üçün çox əhəmiyyətlidir. Eyni  zamanda da ordumuzun bu uğurları düşmən və onun tərəfdarları üçün güc nümayişi və mütləq qələbə hesab  olunur. Düşmən öz cəzasını layiqli şəkildə alıb və erməni havadarları da bu qələbəmizə görə kifayət qədər məyusluq keçiriblər. Ordumuz istənilən vaxt düşmənin hərbi müdaxiləsinə tutarlı cavab verməyə qadirdir. Bununla da dövlətimiz bir daha dünyaya Azərbaycanın maraqlarını qoruya biləcək  orduya və qüvvəyə sahib olduğunu  isbatlamış  oldu. Bu gün ölkəmizin bütün bölgələrində şəhidlərimizə və hərbçilərimizə böyük ehtiram göstərilir. Düşünürəm ki, ötən ilki antiterror tədbirləri Azərbaycan tarixində əbədi olaraq qalacaq və daim böyük rəğbətlə yad  ediləcəkdir”,-deyə polkovnik qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*