Bu gün Azərbaycan tarixi qələbəsini rəsmiləşdirdi. Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldırmağa məcbur edildi.
Tarixi qələbəni KONKRET.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, üç il ərzində erməniləri diplomatik yolla başa salmaq mümkün olmadı:
“Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda erməni silahlı dəstələrinə qarşı həyata keçiridiyi lokal antiterror tədbirləri labüd idi. Bunu şərtləndirən əsas amillər onunla bağlı idi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin xeyir-duası ilə Azərbaycana qarşı sistemli təxribatçı addımlar atılırdı. Sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçı rejimin tör-töküntülərini qondarma rejimin yaranmasının ildönümü ilə əlaqədar təbrik etməsi və nitqində faktiki olaraq əldə edilən bütün razılaşmaların üstündən xətt çəkməsi Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina kimi qiymətləndirildi. Paşinyanın bu mövqeyindən sonra separatçılar bir az da ruhlandılar və sentyabrın 9-da qondarma prezident seçkiləri keçirdilər. Bunun ardınca da mina müharibəsi daha da kəskinləşdi. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ardıcıl şəkildə atəşə tutulurdu. Sentyabrın 19-da isə bizim mülki şəxslərin və polis nəfərlərinin minaya düşməsi səbir kasasını daşdırdı. Məlum oldu ki, Ermənistanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Ermənistan Moskva, Vaşinqton, Soçi, Brüssel və Kişinyovda aparılan danışıqlara əhəmiyyət vermədi. Nəticədə Ermənistanın “başa düşdüyü dil”də onunla danışıldı; güc dili ilə. Bu məntiqlə də Azərbaycan Silahlı Qüvvələri məcburi addım kimi sentyabrın 19-da lokal antiterror tədbirlərinə əl atdı. Cəmi bir gün ərzində üç ildir Azərbaycanın tələblərini qəbul etməyən Ermənistan silahlı qüvvələri və erməni silahlı dəstələri ağ bayraq qaldırmağa məcbur edildi. Səngərlərdən qaçan başıpozuq hərbi dəstələr aman dilədi. Bildirdilər ki, daha döyüşmək gücündə deyillər və təslim olurlar. Üç ildir bunları diplomatik yolla, danışıqlar yolu ilə başa salmaq istəyirdik, ancaq anlamaq istəmirdilər. Məlum oldu ki, güc onların başa düşdüyü yeganə vasitədir. Və bu gün sentyabrın 20-də antiterror tədbirlərinin başlanmasından bir sutka sonra, saat 13:00-da lokal tədbirlərin dayandırılması haqqında razılaşma əldə edildi. Razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri və erməni silahlı dəstələri silahı yerə qoydular”.
Millət vəkilinin fikrincə, bundan sonra hərbi cinayət məsələləri gündəmə gələcək, hərbi cinayətkarların hüquqi müstəvidə cəzalandırılması məsələsi aktuallaşacaq: “Eyni zamanda, onlara məxsus silah-sursat və hərbi texnika da Azərbaycan tərəfinə təhvil veriləcək və bu prosesdə sülhməramlı qüvvələrin vasitəçilik funksiyaları nəzərə alınıb. Beləliklə, Azərbaycan xalqı üç ildən sonra yenidən tarixi qələbəyə imza atdı. Bu qələbənin üç qəhrəmanı var. Bu qəhrəmanlar Müzəffər Ali Baş Komandan İlham Əliyev, Cənab Prezidentin formalaşdırdığı və dünyanın ən güclü ordularından birinə çevirdiyi Silahlı Qüvvələrimiz və təbii ki, dəmir yumruğa çevrilən xalqımızdır. Üç qüvvənin bir yerdə olması tarixi qələbələrimizi və zəfərlərimizi şərtləndirən həlledici, fundamental səbəblərdir”.
E.Nəsirov bildirib ki, bu gün biz Ermənistan silahlı qüvvələrinin və erməni silahlı dəstələrinin silahlarını yerə qoyub dovşan kimi qaçmağa məcbur olduqlarını qürurla qeyd edə bilərik: “Biz öz torpaqlarımız üzərində suveren hüquqlarımızı tam şəkildə təmin etdik”.
Vəli Həsənov,
KONKRET.az