Сəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir.
Cəmiyyətimiz yeniliyə, liberallığa açıq toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov yeni texnologiyaların mənfi və müsbət tərəflərindən danışdı: “Yeniliyə meyl etmək əlbəttə ki, çox yaxşıdır. Lakin onun mənfi tərəfləri də çoxdur. Hər hansı texnologiya, elit amillər Azərbaycana xaricdən gəlir. Özümüzün yaratdığımız nələrsə yoxdur. Və yaxud bizim insanın yaratdığı ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfizadənin ”Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar.
Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti çox təəssüflər olsun ki, bünövrədə intellektual deyil. Yəni mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin, elmi kitabların səviyyəsi qənaətedici deyil.
Bir məqamı qeyd edim ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrası zamanı problemlər müşahidə olunur. Proqramlarda əks olunanların gerçəkləşməsi icra prosesində ləngidiyinə görə, yaxud adekvat olmadığına görə də narazılıqlar yaranır. Bu da həmin layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır.
Məsələ burasındadır ki, indi həmin televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir və üstəlik internet resurslarından burada da istifadə mümkündür. Narahatedici ən vacib məqamlardan biri də televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına az yer verilməsidir.
Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi işlənilməlidir.
Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.
Qələbənin təmin olunmasında, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, Cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəylik, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir.
Bu baxımdan proqramların hazırlanmasında mütəxəssis yanaşması mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhvəsini versin. Mən eyni zamanda bu proqramların səviyyəsini çox yüksək qiymətləndirirəm.
Konkret olaraq rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin nümunəsində deyə bilərəm ki, bizim təşkil etdiyimiz həm beynəlxalq, həm də yerli səviyyəli tədbirlərin proqramlarını hazırlayarkən burada həm beynəlxalq təcrübə öyrənilir, eyni zamanda konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır.
- Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. O peşəkarlar ki, onlar birbaşa tədbirin təşkilat komitəsinə daxil olurlar və bu proqramlar onlar tərəfindən hazırlanır. Bununla bağlı həmçinin Azərbaycanda bir nümunə də var. Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın bu istiqamətdə çox yüksək təcrübəsi və nümunələri var. Bizdə bu cür tədbirlərin keçirilməsi çox yüksək səviyyədədir.
Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması səviyyəsi pis deyil. Bu istiqamətlərdə proqram çalışmalarını, layihələrini normal qiymətləndirmək olar. Sadəcə məsələ onların icrası ilə bağlıdır. İstər elmi-kütləvi, mədəni, istər mədəni-maarif, istərsə də təhsillə bağlı olsun, bu proqramların icra prosesində problemlər mövcuddur. Narazılıqlar da məhz icra etmə ilə bağlı yaranır.
Bu sahələr üzrə daha istedadlı, savadlı, qabiliyyətli şəxslərin layiq olduqları yerdə, öz çalışmaları ilə Azərbaycan cəmiyyətinə töfhə verməsinə şərait yaratmaq lazımdır. Bir çox hallarda proqramların icrası, işlərin həyata keçirilməsi zamanı işin həvalə edildiyi müəssisələr, qurumlar prosesə peşəkarları cəlb etmək əvəzinə öz qohum-əqrabalarını, rəhbərliyə yaxın olan şəxsləri cəlb edirlər. Onlar müxtəlif korporativ maraqlardan çıxış edirlər və onlara yaxın olan şəxsləri bu proseslərdə önə çəkməyə çalışırlar. Təbii ki, bu da zaman-zaman müxtəlif problemlərə gətirib çıxarır. Əsl istedadlar, savadlı şəxslər, xüsusən də gənclərin proqramların icrası zamanı kənarda saxlandıqlarını görürük, onlardan yararlanmağa kimlərsə maneçilik törədirlər.
Problem buradan qaynaqlanır. Heç olmasa, toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət mühütü formalaşmalıdır. Zamanında alimlərimiz, bəstəkarlarımız, incəsənət xadimləri arasında böyük rəqabət olub. İndi belə rəqabətlərə, səs-küylü müzakirələrə, beyin döyüşmələrinə rast gəlinmir. Halbuki bütün dünyada bu mövcuddur, ona görə də həmin ölkələrin cəmiyyəti inkişaf edir. Çox sayda, bir-birinə rəqib olan beyin mərkəzləri yaratmaq lazımdır ki, onlar cəmiyyəti tərpədə bilsin. Çevik internet əsrində yaşadığımız üçün bu cür proqramların daha geniş, daha əhatəli və daha çox şaxəli yayılması üçün kifayət qədər imkanlar var, sadəcə bu resurslardan istifadə edib onları canlandırmaq lazımdır.
Vaxt vardı ki, televiziyalarda, radiolarda elmi-kütləvi, mədəni-maarif proqramları kifayət qədər idi və böyük təsir imkanları vardı. Kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi.
Bu gün isə Azərbaycanda bu sahədə ciddi problemlər olduğu aşkardır. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları qeyri-kommersiya xarakterli olduğundan çox zaman telekanallar da, kino film istehsalı ilə məşğul olanlar da buna diqqət yetirmək istəmir. Amma əsasən kitabxanalarda, universitetlərdə, ictimai təşkilatlarda bu cür tədbirlər keçirilir, onların da sayı əvvəlki illərlə müqayisədə çox azdır.
Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. 35 il müddətinə nəzərdə tutulan ən sanballı təhsil proqramından sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq etdi.
Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti “Təhsil haqqında” Qanuna əsasən hazırlandı və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən etdi. Onu da qeyd etmək lazımdır ki, bəzi proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi icra prosesində ləngidiyinə görə, yaxud adekvat olmadığına görə də, narazılıqlar yaranır. Bu da bu layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır. Belə problemlər kurikulumlarla da yaşanır və kurikulumların təkmilləşdirilməsi və yenilənməsi üzrə işlər davam etdirilir.
Məlumdur ki, gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin öhdəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir.
2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqramla müqayisə etsək, bir çox fərqlər var. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu.
Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib.
Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq. Təhsillə bağlı proqramlar çoxdur. Təqaüd proqramları ilə yanaşı, texniki dəstək proqramları, ayrı-ayrı ölkələrin universitetləri ilə əməkdaşlığa dair proqramlar var. Bununla belə təhsil proqramları ilə bağlı təsnifata yenidən baxılmasına zərurət yaranır.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.