Ötən il Azərbaycanda 22 nəfər qarayaraya (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik – red) yoluxub.
KONKRET.az xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub.
Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən – red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.
Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən – red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.
Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.