Bir müddət öncə tanınmış aktyor Allahverdi Yolçuyevin paytaxt küçələrindən birində corab satarkən görüntülənməsi diqqətləri onun üzərinə yönəltdi. Yolçuyev özünü səhnədə hiss edirmiş kimi real həyatda satıcı obrazını elə oynadı ki, hər kəsin ona yazığı gəldi və ürəyi ağrıdı. Hətta maddi dəstək göndərənlər də tapıldı. Ancaq bir neçə gün sonra Allahverdi müəllim efirə çıxıb iki evinin olmasından, maddi gəlirinin normallığından, hətta nazir Adil Kərimlinin onunla əlaqə saxlayaraq teatra bərpa etməyindən danışdı. Bir-birini təkzib edən, ziddiyyətli olan açıqlamalar isə cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə insanlar Allahverdi Yolçuyevi riyakarlıqda, vətəndaşları aldatmaqda, onların hissləri ilə oynamaqda günahlandırdılar. Beləcə, Allahverdi Yolçuyevin insanların gözündən düşdüyünü də söyləmək mümkündür. Elə yazılan rəylərdən də bunu görmək olur. Görünür, Allahverdi Yolçuyev özünü səhnədə hiss edərək əsl artistlik nümayiş etdirib və insanların mərhəmətindən öz mənafeyi üçün faydalanıb. Elə ki, istədiyinə nail oldu, dərhal fikrini dəyişdi. Ancaq xalqın artisti olmağı hədəfləyən birindən bu cür davranış gözlənilməz idi və insanlar da Allahverdi Yolçuyevi tənqid hədəfinə tutmaqla ona öz etirazlarını bildirdilər.
Aktyor özü isə KONKRET.az-a açıqlamasında ziddiyyətli addımlarına belə haqq qazandırıb:
“İki evim var deyəndə ki, bunda heç bir qəbahət yoxdur. Biri mənim yaradıcılıq evimdir. Burada albomlar, kasetlər, səhnə kostyumları, “Ovçu Pirim”in geyim və paltarları saxlanılır. Axı bütün dünyada yaradıcı insanların bir emalatxanası olur. Mənim də sadəcə kiçik bir emalatxanam var. Bu, ev sayılır, ya yox bilmirəm. Gələcək göstərər. Əgər söhbət ehtiyacdan gedirsə, əlbəttə ki, böyük ehtiyacım olmasaydı, bu qədər yazmazdım. Amma xalqdan heç nə istəmirəm. Sadəcə istəyirəm ki, dövlət qurumları mənə daimi təqaüd versin ki, dərmanlarımı ala bilim. Çünki mənim dərmanlarım çox bahadır və əziyyət çəkirəm”, – deyə Allahverdi Yolçuyev fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az