“Övladı Vətənin keşiyində olan hər bir valideyn həm narahatlıq, həm də qürur hissi keçirir” – MÜSAHİBƏ – FOTObackend

"Övladı Vətənin keşiyində olan hər bir valideyn həm narahatlıq, həm də qürur hissi keçirir" - MÜSAHİBƏ - FOTO

Tarix boyu bədnam və qəsbkar qonşularımızın ərazi iddialarına qarşı mübarizə aparan igid Vətən oğulları yenə də məğrurcasına müqəddəs torpaqlarımızın keşiyində sipərdirlər. Döyüş ruhunu nəsillərdən-nəsillərə ötürən xalqımız xain düşmənlərimizin bağrını yaran mübarizlərlə döyüş salnaməsini yazmaqdadır. Belə igidlərin daimi ünvanlarından biri də şimali-qərb sərhədlərimizin mühafizə və müdafiəsini müvəffəqiyyətlə həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasıdır.

Təmas xəttinə doğru irəlilədikcə yolların bir tərəfində ucalan torpaq sədləri və vallar düşmənin təhlükəli məsafədə olduğundan xəbər verir. İlk öncə, az qala danışıq səsləri duyulacaq qədər yaxınlıqda yerləşən düşmən postlarının istər-istəməz yaratdığı həyəcan hissini, tədricən sərhəd döyüş məntəqələri ilə tanış olduqca formalaşan əminlik və qürur hissi əvəz edir. Bu hissləri yaradanlar isə sözsüz ki, onlardır – Azərbaycan Sərhədçiləri!

Qısa müddətli səfər zamanı bizi ilk döyüş təcrübəsini Əfqanıstanda qazanmış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və bu gün də sərhədçi-döyüşçülərimizlə çiyin-çiyinə müqəddəs missiyasını davam etdirən polkovnik Mübariz Yusifov müşayiət edir. Fürsətdən istifadə edərək, ondan bir neçə sualımızı cavablandırmasını xahiş etdik.

KONKRET.az “Qazax” ƏSDV komandirinin müavini polkovnik Mübariz Yusifovun ordu.az-a ekskluziv müsahibəsini təqdim edir:
– Cənab polkovnik, uzun illərin təcrübəsi “əsl zabit” obrazını sizin təxəyyülünüzdə necə formalaşdırıb?

“Hər bir zabit – tabeliyində olan heyət üçün şəxsi nümunə və ilham qaynağı olmalıdır. Şəxsi heyətin komandirin arxasınca döyüşə, lazım gələrsə ölümə belə gedə bilməsi üçün hədsiz Vətən sevgisi və məsuliyyət hissləri olmalıdır. Bütün bunlar təkcə sözlə yox, həm də komandirin yüksək döyüş hazırlığı, vətənpərvərliyi və qorxmazlığı ilə qazanılanda təsirli olur. Şübhəsiz ki, bütün bu keyfiyyətlərin önündə döyüş ruhu dayanır. Ruh yüksəkliyi olmayan hərbi birlik – modern təchizatının yüksək olmasından asılı olmayaraq uğur qazana bilməz. Azərbaycan xalqının zəngin vətənpərlik, qəhrəmanlıq və qorxmazlıq genetikası, sərhədçi-döyüşçülərimizin yüksək döyüş ruhuna və qələbə əzminə öz töhfəsini verib.

 

– Əfqanıstanda keçdiyiniz döyüş yolunu nəzərə alaraq, Sizin üçün hansı dəyişikliklərin baş verdiyini deyə bilərsiniz?

– Əslində bir hərbiçi kimi yanaşsaq, hərbi geyim, hərbi kollektiv, əmrlər və sair baxımından çox şey dəyişməyib. Amma bir Azərbaycan vətəndaşı kimi mənim üçün hər şey dəyişib. Sovet dövründə Əfqanıstandakı missiyanı beynəlmiləl borc, dost köməyi adlandırırdılar. İndi hər şey milliləşib, doğmalaşıb və müqəddəs Vətənimizin keşiyində dayanmışıq. Əvvəllər döyüşlərdə qazanılan uğurlarımız imperiya maraqlarına xidmət edirdisə, indi zəfərlərimiz sərhədlərimizin toxunulmazlığına və dövlətçiliyimizin qüdrətinə xidmət edir. Bir Azərbaycan sərhədçisi üçün, bundan fəxarətli və xoşbəxt hansı dəyişiklik ola bilər ki?!

– Sərhəd-döyüş məntəqələrində xidmət aparan əsgərlərin yüksək əhval-ruhiyyəsi və mənəvi-psixoloji vəziyyətinə necə nail olunur?

– Düşmənlə üz-üzə dayanan sərhədçilərin hazırlıq prosesi bir neçə mərhələdə həyata keçirilir. Hələ ilkin hazırlıq dövründə onlara elementar hərbi bilik və davranışlar öyrədilir. Daha sonra sərhədçilər növbəti tapşırığı tam mənimsədikdən sonra xidmət yerinə göndərilir. Yəni sərhədçi xidmət yerinə gələndə artıq həm mənəvi və həm də döyüş hazırlığı baxımından Vətənin mühafizə və müdafiəsinə hazır olur. Zabit-gizir heyətinin şəxsi nümunə və qorxmazlıq nümayiş etdirməsi, şəxsi heyətin təlim-tərbiyəsində mühüm rol oynayır. Sözsüz ki, yüksək döyüş ruhunun saxlanılmasında ən vacib rol oynayan amillərdən biri də, DSX-nin rəhbər heyətinin tez-tez sərhəd-döyüş məntəqələrinə baş çəkməsidir.

– Sərhəd-döyüş məntəqələrində xidmət şəraitinin yaxşılaşdırılması üçün hansı işlər görülüb?

– Düşmənlə təmas vəziyyətində olan bölmələrin məişət şəraitinin və təminatının ən yüksək səviyyəyə çatdırılması missiyası uğurlu nəticələrini göstərməkdədir. Qısa zaman kəsimində yenidən inşa edilərək Vətən müdafiəçilərinin istismarına verilən sərhəd-döyüş məntəqələri, bütün lazimi avadanlıqlarla ilə təchiz edilmiş səliqəli və rahat kazarmalarla diqqəti cəlb edir. Əvvəllər daşınma üsulu ilə həyata keçirilən qidalanma prosesi, indi bütün sərhəd-döyüş məntəqələrinin bilavasitə özündə yaradılmış mətbəxlərdə həyata keçirilir. Qeyd olunanlarla yanaşı sərhəd-döyüş məntəqələrinin mühafizə və müdafiə imkanlarının artırılması, sərhədçi-döyüşçülərin təhlükəsiz xidmətinin və hərəkətinin təmin edilməsi üçün geniş miqyaslı mühəndis işləri aparılıb. Yaradılmış ürəkaçan məişət və xidmət şəraiti sərhədçilərimizin bütün diqqətini düşmənin təxribatlarına qarşı daha sayıq olmağa sövq edir. Təbii ki, bu hələ son deyil, şəraitin daha da yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir.

– Hal-hazırda sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərin valideynlərinə nə demək istərdiniz?

– Övladı Vətənin keşiyində olan hər bir valideyn həm narahatlıq, həm də qürur hissi keçirir. Sərhəd-döyüş məntəqələrində məişət və xidmət şəraitinin yaxşılaşdırılması valideynlərə də mənəvi rahatlıq gətirir. Təhlükəsizlik baxımından görüşlərə məhdudiyyətlər qoyulsa da, telefon əlaqələrinə vaxtaşırı şərait yaradılır. Əlaqələr yaradılarkən valideynlər tərəfindən övladlarının əhvalını poza biləcək məlumatların çatdırılması yolverilməzdir. Həssas məsələlərin çatdırılması bəzən xoşagəlməz hadisələrə səbəb olur. Belə halların baş verməməsi üçün təbii ki, qabaqlayıcı tədbirlər görülür. Bu gün sərhədçilərimizin Vətən qarşısında olan müqəddəs borclarını layiqincə yerinə yetirib, sağ-salamat valideynlərinin yanına dönməsi üçün hər cür şərait yaradılıb.

– Qarşı-qarşıya dayandığımız Ermənistan silahlı qüvvələrinin bölmələrində mövcud olan vəziyyət barədə məlumat verməyinizi xahiş edirəm.

– Təbii ki, üz-üzə dayandığımız və təxribata meylli düşmən bölmələri barədə daim məlumatlıyıq. Ermənistan silahlı qüvvələrinin bölmələri, idarəetmənin, nizam-intizamın və məişət şəraitinin çox aşağı olması və müxtəlif səbəblərdən baş verən ölüm halları kimi müxtəlif cinayət xarakterli insidentlərlə tez-tez gündəmə gəlir. Son zamanlar koronavirusun yayılması fonunda hərtərəfli və tibbi təminatın da çox aşağı səviyyədə olması ilə diqqət mərkəzindədirlər. Erməni hakim dairələri, istər döyüş itkilərini, istərsə də koronavirusa yoluxma faktlarını, erməni ictimaiyyətini aldatmaq üçün sonradan fərqli don geyindirilmiş ölüm və yaralanma halları kimi təqdim edir. Törətdiyi təxribatları Azərbaycan tərəfinin üstünə atmaqla BMT və ATƏT-in nümayəndələrini Azərbaycana təsir göstərməyə dəvət edirlər. Belə bir siyasi rejiminin döyüşçüləri, təbii ki, cinayətkar və saxtakar olmağa məhkumdurlar.

– Ermənistan silahlı qüvvələrinin bölmələrinin son zamanlar davamlı atəşkəsi rejimini pozması və təxribatlar törətməsi barədə nə deyə bilərsiniz?

– Mənfur düşmənimizin tarix boyu böyük güclərin təxribat və qəsbkarlıq silahı kimi fəaliyyət göstərməsi onun xarakterik xüsusiyyətinə çevrilib. Erməni faşızmi, bu dəfə də çoxprofilli təxribatlarla öz çirkin niyyətlərini pərdələməyə çalışır. Bir tərəfdən işğal etdikləri Dağlıq-Qarabağ və ətraf rayonların ərazisində əvvəllər daha çox nəzərə çarpan təxribatları Qazax istiqamətində dövlət sərhədində dayanan sərhədçilərə yönəldir. Bununla da sanki o istiqamətdə vəziyyəti sabitləşdirməklə status-kvonu davam etdirməyə çalışır. Digər tərəfdən də beynəlxalq səviyyədə tanınan dövlət sərhədində törətdiyi çoxsaylı təxribatları Azərbaycan tərəfinin üzərinə atmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasına təzyiq göstərməyə cəh göstərir. Erməni quldurları, müntəzəm olaraq nəinki sərhəd-döyüş məntəqələrini, hətta yaşayış məntəqələrini, mülki şəxsləri və nəqliyyat vasitələrini müxtəlif silahlardan atəşə tutmaqdan çəkinmir. Baş vermiş təxribatlar nəticəsində itkilərimiz olsa da, əvəzində təkcə 2020-ci il ərzində çox ciddi sayda düşmən döyüşçüsünü zərərsizləşdirən sərhədçilərimiz şəhidlərimizin qanını yerdə qoymayıblar. Ermənistan tərəfi beynəlxalq səviyyədə tanınan dövlət sərhədində törətdiyi təxribat mənşəli əməllərə görə beynəlxalq ictimaiyyət qarşısında verəcəyi cavabları müxtəlif yollarla təxirə salmağa müvəffəq olsa da, sərhədçi-döyüşçülər qarşısında dərhal və dəfələrlə ağır itkilərlə cavab verməkdən heç vaxt yayına bilməyəcəklər.

Polkovnik Mübariz Yusifovla aparılan müsahibədən sonra yaranan təəssürat onu deməyə əsas verir ki, mübarizlik ruhu ilə köklənmiş, kükrəyən aslanlarımızın, Azərbaycan Respublikasının bütün sərhədlərinin mühafizə və müdafiəsinə başlamasına çox da zaman qalmayıb.

Müsahibəni burada bitiririk, amma sərhədçilərimizin zəfər tarixini yeniləmə coşğusu ilə alovlanan uğurları, düşmənin uğursuzluqları kimi heç zaman bitməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*