Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart tarixinədək uzadılıb.
Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıt şəhərlərində yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib.
Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.
Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.