Futbol üzrə II Liqada mübarizə aparan “Kür-Araz” komandası XIV turun “Şahdağ Qusar”la səfər oyununa gedərkən, yolda qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a İmişli klubunun prezidenti Mirheydər Səfiyev məlumat verib.
Onun sözlərinə görə, Şamaxı Olimpiya İdman Kompleksində keçirilməli olan oyuna məhz bu səbəbdən təyin olunan vaxtda yetişə bilməyiblər.
O, komandanın avtobusunun Ağsu aşırımını qalxa bilmədiyini söyləyib: “Yol qarlı olduğundan, aşırımı avtobusla çıxmaq mümkün olmadı. Zəng edib Peşəkar Futbol Liqasına (PFL – red.), konkret, qurumun texniki-idman direktoru Elgiz Abbasova məlumat verdik. Videoçəkilişləri, şəkilləri atdıq ki, burada vəziyyət belədir, avtobusla keçə bilmirik. Heç kiçik maşınlar da keçə bilmir. Hər bir halda təbiət hadisəsidir. Getməsək, deyərlər hə, getmədiniz. 20 dəqiqəlik məsafəmiz qalmışdı, “Axırıncı Aşırım” yeməkxanasının qarşısında yollar pis vəziyyətdə olduğundan, irəli keçə bilmədik və geri qayıtdıq”.
Qeyd edək ki, “Şahdağ Qusar”- “Kür Araz” oyunu bu gün Şamaxı Olimpiya İdman Kompleksində saat 14:00-da başlamalı idi. PFL-in yaydığı açıqlamada qarşılaşmanın baş tutmamasına səbəb kimi “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlməməsi göstərilib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. O da bildirib ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib. Hazırda Qusar təmsilçisi 39 xalla lider, İmişli klubu isə 24 xalla 5-ci pillədə yer alır. Qusar şəhər stadionu hazırda təmirdə olduğundan, “Şahdağ Qusar” rəqiblərini Şamaxıda qəbul edir.