Daşkənddə Özbəkistanın ən nüfuzlu kriminal baronlarından hesab edilən, “Səlimbay” ləqəbi ilə tanınan iş adamı Səlim Abduvəliyev həbs edilib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, dekabrın 1-də axşam saatlarında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri sahibkarın evinə basqın edib. Abduvəliyev və yanındakı bir neçə nəfər polis bölməsinə aparılıb. Daha sonra Abduvəliyevin vəziyyəti kəskin pisləşib. Təcili xəstəxanaya çatdırılan 73 yaşlı iş adamına tibbi yardım göstərilib və evə buraxılıb. Amma polis Abdullayevi rahat buraxmayıb. Yolda təcili tibbi yardım maşınını saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşları “Səlimbay”ı yenidən həbs ediblər.
Məlumatda o da bildirilir ki, digər nüfuzlu özbək iş adamı Qafur Rəhimov da Abdullayevlə iş birliyində günahkarlandırılır və barəsində axtarış elan olunub.
Səlim Abduvəliyev postsovet məkanında ən məşhur xeyriyyəçilərdən biridir. O, kriminal aləmin nümayəndəsi hesab olunur. Bir neçə il əvvəl ABŞ-ın Özbəkistandakı səfiri diplomatik yazışmalarında onu “özbək mafiyasının başçısı” adlandırmışdı. 1997-ci ildən sahibkar Özbəkistan Güləş Federasiyasına rəhbərlik edir.
Qafur Rəhimov isə 2012-ci ildən ABŞ-ın sanksiya siyahısındadır və Özbəkistanda axtarışa verilib. 2018-ci ildə onun adı Özbəkistanda axtarışda olanlar siyahısından çıxarılıb. Daha sonra Beynəlxalq Boks Federasiyasının (AIBA) prezidenti seçilib. Amma kriminal aləm təmsilçisinin AİBA-ya rəhbərlik etməsini Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsinə zidd sayan BOK bu seçimə etiraz edib. Nəticədə Qafur Rəhimov AİBA prezidenti vəzifəsindən istefa verib.
Vəli Həsənov,
KONKRET.az