Özbəkistan AİB-ə daxil olacağı təqdirdə zəmanət istəyirbackend

Özbəkistan AİB-ə daxil olacağı təqdirdə zəmanət istəyir

Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması ilə bağlı müzakirələr getdikcə əsaslı hala gəlir. Müzakirələrdə artıq yalnız ekspertlər deyil, həm də diplomatlar iştirak edirlər. Daşkənd öz sənayesi və iqtisadiyyatının digər sahələri üçün zəmanət məsələsini qaldırıb. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu “Kommersant” nəşrinə istinadən bildirir ki, Moskva Özbəkistan tərəfinin AİB-ə üzvlük məsələsini gecikdirməməsinə ümid edir.

Özbəkistanın AİB-ə inteqrasiyası mövzusu “Orta Asiya və Avrasiya: Qlobal xaos problemləri qarşısında çoxtərəfli əməkdaşlıq” X Asiya Konfransında müzakirə edilmişdi. Valday Müzakirə Klubunun Özbəkistan Strateji və Regionlararası Tədqiqatlar İnstitutu ilə birgə təşkil etdiyi forum 10-11 noyabr tarixlərində Səmərqənddə keçirilib.

Forumda yalnız mütəxəssislər iştirak etməyib. Rusiyanı rəsmi səviyyədə MDB ölkələri üçüncü şöbəsinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) müdiri Aleksandr Sternik və Rusiyanın Daşkənddəki səfiri Vladimir Tyurdenev təmsil ediblər. Özbəkistan nümayəndə heyətinə Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, ölkə Senatının beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr komitəsinin rəhbəri Əlişir Kurmanov, Xarici İşlər Nazirliyinin şöbə müdirləri daxil olublar.

AİB mövzular siyahısında yer almayıb. Lakin Rusiya ilə Özbəkistan arasında mətbuata bağlı qapılar arxasında keçirilən xüsusi ikitərəfli sessiyada Daşkəndin birliyə girməsi mövzusu əsas mövzulardan biri olub. “Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, Özbəkistan nümayəndələri Rusiya, sonra isə AİB üzvlərindən cavab almaq istədikləri sualları müəyyənləşdiriblər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, Daşkəndin AİB-ə inteqrasiyası mövzusu oktyabr ayından bəri açıq müzakirə olunur. Özbəkistanın birliyə üzvlük məsələsini nəzərdən keçirməsini Federasiya Şurasının spikeri Valentina Matviyenko Özbəkistan paytaxtında demişdi. Düzdür, tamhüquqlu danışıqlardan hələ söhbət getmir.

“Kommersant”ın Rusiya hökumət qurumlarında olan həmsöhbətləri bildiriblər ki, artıq danışıqlar üzrə ekspert prosesi başlayıb və Özbəkistanın “gizli riskləri” müzakirə edilən AİB-ə üzv olması ilə bağlı sektor məsləhətləşmələri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*