Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək videoda özbək taksi sürücüsünü təhqir edən, onu “rusların qulu” adlandıran şəxsin şəxsiyyətinin müəyyən edilməsini və barəsində qanuni tədbir görülməsini tələb edib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov avqust ayında geniş ictimai rezonansa səbəb olan insidenti şərh edərkən deyib.
“Xüsusilə də avqust ayında geniş ictimai rezonans doğuran hadisə ilə bağlı araşdırma aparılır. Bununla əlaqədar olaraq videogörüntüdə olan şəxsin kimliyinin müəyyən edilməsi və ona qarşı hüquqi tədbir görülməsi məqsədi ilə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib. Özbəkistan vətəndaşları harada olduqlarından asılı olmayaraq, dövlətin himayəsindədir”, – o bildirib.
Qeyd edək ki, Moskva vilayətində lentə alındığı iddia edilən bu hadisə Özbəkistanda hiddətə səbəb olub. Kadrlarda bir nəfərin taksi sürücüsünə qışqıraraq onu etnik mənsubiyyətinə görə alçaltması əks olunub.