Özəl şirkətlərin təklif etdiyi xidmətlər problemlərin yaranmasına səbəb ola bilər – AÇIQLAMAbackend

Özəl şirkətlərin təklif etdiyi xidmətlər problemlərin yaranmasına səbəb ola bilər -  AÇIQLAMA 

Son dövrlərdə müxtəlif və maraqlı xidmətlər təklif edən şirkətlərin sayı artır. Xüsusilə pandemiya dövründə qeyri-adi fəaliyyətləri ilə seçilən şirkətlər çox oldu. Ölkəmizdə  biznesin ən qəribə növlərindən biri ilə – məzar baxımı işi ilə məşğul olanlar da var. Belə ki, öz yaxınlarının məzarlarını ziyarət edə, təmizləyə bilməyənlər üçün artıq elan saytlarında ödəniş qarşılığında özəl şirkətlər tərəfindən məzarlara baxım xidməti təklif edilir. Şirkət tərəfindən məzarların təmizliyi və ətrafına çiçək əkimi də həyata keçirilir.

Bəs görəsən, bu nə dərəcədə düzgündür? Məzar yerlərini biznesə çevirmək olarmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb. O bildirib ki, belə  məsələlər bələdiyyə səviyyəsində həll olunmalıdır.

“Kimlərinsə bu sahədə biznes açmağı düzgün deyil. Çünki bu qeyri-bərabərlik yarada bilər. Məzarlıqların baxımı bələdiyyənin səlahiyyətinə aid olan bir məsələdir. Özəl şirkətlərin təklif etdiyi xidmətlər başqa problemlərin yaranmasına səbəb ola bilər. Əslində məzarlıqlarla bağlı bizdə xeyli problem var. Ona görə də ciddi yanaşma ortaya qoyulmalıdır. Bəzi məzarlıqlar uçub dağılır. Yaxşı olar ki, həm dini dəyərlərdən irəli gələrək, həm sosial normalara əsasən bərabər yanaşma irəli sürülsün. Məzarlıqlar nizamlı və səliqəli olmalıdır. Məzar daşlarının tərtibatından tutmuş formasına qədər hər biri eyni olmalıdır. Lakin özəl şirkətlər məsələyə qarışsa vəziyyət daha da pisləşəcək”.

Sosioloq təəssüflə bildirib ki, maddi imkanı yaxşı olan insanlar bu mövzuda da bir-biri ilə yarış keçirir:

“İnsanlarımız hətta məzarlıqda da sosial bərabərliyi pozur. Azərbaycanda yaşayan əhalinin böyük qismi islam dininə etiqad edir. İslam dininə görə insanın məzarı bir müddətdən sonra yox olmalıdır. Hətta 30-40 il sonra bir məzarda başqa insan da dəfn edilə bilər. Özəl şirkətlərin çoxu maddi maraqlarına görə, ödənişlərin səviyyəsindən asılı olaraq  qəbir daşlarını müxtəlif formada bəzəyəcək. Bu isə qeyri-bərabərliyə səbəb ola bilər. Ölkəmizdə kimsəsizlər məzarı var. Hər kəsin maddi imkanı eyni deyil. Əslində mənəvi-əxlaqi cəhətdən götürsək bu düzgün deyil. Qəbir daşları vahid format əsasında düzəlməlidir. Ona görə də bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Ehtiyacı olan insanlara xidmət göstərmək üçün onların imkanları artırılmalıdır”.

 

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*