Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üçün necə işlədiyini, narkotik daşıma fəaliyyətinə necə qoşulduğunu və həbs həyatını açıqlayıb.
KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, TV proqramında çıxış edən Dominguez, Eskobarın ona aylıq 20 milyon dollar maaş verdiyini bildirib. Onun sözlərinə görə, Eskobar üçün işləməyə başlamazdan əvvəl başqa bir narkotik karteli üçün ayda 4 milyon dollar qarşılığında işləyib, lakin Escobarın daha yüksək təklifindən sonra tərəf dəyişib.
“30 Lamborghini avtomobilim vardı, gündəlik geyindiyim köynəyin rənginə uyğun avtomobil gətirirdilər”, – deyə keçmiş pilot lüks həyatından danışıb.
Dominguez, 1970-ci illərin sonlarında atası qəfil dünyasını dəyişdikdən sonra maddi sıxıntıya düşdüyünü və bu səbəbdən narkotik alverinə qoşulduğunu bildirib. O, əvvəlcə Bahamalardan və Kolumbiyadan ABŞ-yə narkotik daşımaq üçün pilotluq etməyi öyrənib.
Bir dəfə 800 min dollar dəyərində yükü yanlış yerə çatdırdıqdan sonra borca düşən Dominguez, bu borcu ödəmək üçün başqa narkotik maddələr daşımağa başladığını deyib. O, narkotik ticarətindən çəkinmək istədiyini, lakin zamanla Eskobarın ona güvəndiyini və yüksək məbləğ təklif etdiyini söyləyib.
Eskobarın maaşı yüksək hesab etməyə başlamasından sonra Dominguezə pul əvəzinə kokain verməyə başladığı və bununla da onun daşıyıcıdan kokain satıcısına çevrildiyi bildirilir.
Dominguez, 1988-ci ilin aprelində Floridadakı malikanəsində federal agentlərin keçirdiyi əməliyyatla saxlanılıb. Onun və 12 nəfərlik qrupunun 1984–1985-ci illərdə ABŞ-yə minlərlə ton narkotik maddə gətirdiyi irəli sürülüb.
1991-ci ildə günahını etiraf edən Dominguez, 13 il həbs cəzası alıb, bunun 2 ilini təcridxanada təkadamlıq kamerada keçirib.
Hazırda 73 yaşında olan Dominguez, müsahibəsində “əhaliyə olan borcunu ödədiyini” bildirib və həyatını qanuni biznes sahəsində davam etdirmək istədiyini vurğulayıb.