Pakistan elə bir ölkədir ki, burada prezident və ya baş nazir olmaq özünə edam hökmü imzalamaq kimi bir şeydir.
1947-ci ildə müstəqillik qazanan Hindistanın bir parçası olan Pakistanın (ölkənin adı “pakların, təmizlərin torpağı” deməkdir) suverenlik tarixi də o ildən hesablanır. Yaranışından bəri dəfələrlə hərbi çevrilişlər görən Pakistanda azad və dürüst seçkilər də keçirilir. Lakin hakimiyyət komandalarının bir-birini silah gücünə devirməsi ənənəsinə də son qoyulmur.
İndiyədək Pakistana 13 adam rəhbərlik edib. Bundan başqa, iki şəxs də prezident səlahiyyətlərinin icraçısı olub. Onlardan biri bu postda iki dəfə oturub.
Bu adamlar aşağıdakılardır:
İsgəndər Mirzə – ilk prezident. 1956-58. Baş nazir təyin etdiyi general Məhəmməd Əyyub xan tərəfindən devrilib.
Məhəmməd Əyyub xan – ikinci prezident. 1958-69. 1969-cu ildə siyasi müxalifətin təzyiqi ilə istefa vermyə məcbur olub.
Ağa Məhəmməd Yəhla xan – üçüncü prezident. 1969-71. Hakimiyyəti Zülfüqar Əli Bhuttya verməyə məcbur olub. Bhutto onu ev dustağı edib.
Zülfüqar Əli Bhutto – dördüncü prezident. 1971-73. Hərbi çevriliş nəticəsində devrilib, edam edilib.
Fazil İlahi Çoudhuri – beşinci prezident. 1973-78. 1977-ci ildə ölkədə hərbçilərin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq bir müddət sonra dövlət başçısı postundan istefa verib.
Məhəmməd Ziya-ül-həqq – altıncı prezident. 1978-88. Mindiyi təyyarənin partladılması nəticəsində həlak olub.
Qulam İshaq xan – yeddinci prezident. 1988-93. Baş nazir Benəzir Bhutto, daha sonra isə onun yerinə gələn Nəvaz Şəriflə münaqişədə olub, hərbçilər hər ikisini deviriblər.
Vasim Səccad – 1993-cü ilin iyulundan noyabrına qədər prezident səlahiyyətlərini icra edib.
Faruq Leqari – səkkizinci prezident. 1993-97. Baş nazir Nəvaz Şəriflə münaqişə üzündən İstefa verməyə məcbur olub.
Vasim Səccad – Dekabrın 2-dən yanvarın 1-nə qədər yenidən prezidentin səlahiyyətlərini icra edib.
Rafiq Tərar – doqquzuncu prezident. 1998-2001. Postunu hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Pərviz Müşərrəfə verməli olub.
Pərviz Müşərrəf – onuncu prezident. 2001-2008. İmpiçment təhlükəsi qarşısında qalaraq istefa verib. (Dünən barəsində edam hökmü çıxarılmış Müşərrəf barədə daha müəssəl məlumat veriləcək).
Məhəmədmian Somro – 2008-ci ilin 18 avqustundan 9 sentyabrına qədər prezidentin səlahiyyətlərini icra edib.
Asif Əli Zərdari – on brinci prezident. 2008-13. Benəzir Bhuttonun əri. Prezidentlik müddəti bitənə qədər bu postda olub.
Məmnun Hüseyn – on ikinci prezident. 2013-18. Sona qədər vəzifəsində qalıb.
Arif Rəman Əlvi – on üçüncü prezident. 2018-ci ildə seçilib.
Göründüyü kimi, Pakistanda yalnız son iki prezident vəzifələrində sona qədər qalıblar, təzyiq və ya hərbi çevriliş nəticəsində devrilməyiblər.
Bundan başqa, Pakistanda səlahiyyətləri daha geniş olan baş nazir postu mövcuddur. İndiyədək bu postda 25-dən yaxın siyasi xadim işləyib. Onların da çoxu hərbi çevrilişlər və siyasi təzyiqlər nəticəsində devrilib, bəziləri (Benəzir Bhutto) sui-qəsd nəticəsində öldürülüb. Bir neçəsinə isə edam hökmü verilib. Fəqət Nəvaz Şərifin barəsində verilən edam hökmü sonradan ləğv edilib.
Pərviz Müşərrəf barədə isə bənzər hökm dünən qiyabi şəkildə çıxarılıb. Onu 2007-ci ildə dövlətə xəyanət etməkdə təqsirləndiriblər.
Pərviz Müşərrəf 1943-cü ildə Hindistanın Dehli şəhərində anadan olub.
Onun atası Xarici İşlər Nazirliyinin işçisi olub və bir müddət Türkiyədə diplomatik xidmətdə çalışıb. Müşərrəfin uşaqlığı Türkiyədə keçib, sonra isə bu ölkədə hərbi akademiyada təhsil alıb.
Hərbi akademiyanı bitirdikdən sonra o, Hindistana qarşı iki müharibədə iştirak edib. Pakistanın silahlı qüvvələrində müxtəlif vəzifələr tutub, piyada diviziyasının komandiri və 1-ci elit korpusun komandanı vəzifələrində işləyib. 1998-ci ildə tam general rütbəsi alıb və Pakistanın quru qoşunlarının qərargah rəisi olub.
İstər prezidentlərlə, istərsə də hərbiçilərlə vaxtaşırı münaqişələr içində olan baş nazir Nəvaz Şərif Pərviz Müşərrəflə də qarşıdurmada olub və onun hərbi çevriliş hazırladığından şübhələnib. Hərbi çevrilişin qarşısını almaq, rəqibinə zərbəni ilk vurmaq istəyən Şərif 1999-cu ilin 11 oktyabrında xarici səfərdən qayıdan Pərviz Müşərrəfin təyyarəsinin Pakistana enməsini yasaqlayıb və onun istefaya göndərildiyini elan edib. Silahlı qüvvələrin rəhbərliyi bu əmrə dərhal mənfi reaksiya verib, baş nazirə qarşı çıxıb. Nəvaz Şərifin qərarından xəbər tutan Müşərrəf Şri-Lankaya səfərini yarıda kəsib və ölkəyə qayıdıb. Onun təyyarəsi Kəraçi limanına uğurla enib. Burada onu sulahdaşlarından ibarət böyük kütlə qarşılayıb və Müşərrəf qan tökmədən hərbi çevriliş həyata keçirib. Hərbçilər bir neçə saatın içində əsas hökumət binalarını, televiziyanı, ölkənin iri şəhərlərini, aerportlarını ələ keçiriblər. Baş nazir və onun həmin ərəfədə Müşərrəfin yerinə təyin etdiyi general Ziyauddin, eləcə də Pakistanın xarici işlər naziri Sərtac Əziz və informasiya naziri Müşahid Hüseyn ev dustağı ediliblər. Tezliklə P.Müşərrəf ölkəni idarə etməyə başlayıb.
O, özünü “icra hakimiyyətinin rəhbəri” adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. Hərbiçilər konstitusiyanın və parlamentin fəaliyyətini dayandırıblar, mərkəzi və regional hakimiyətlər buraxılıb. Onların yerində yeni dövlət orqanı – Milli Təhlükəsizlik Şurası yaradılıb.
2001-ci ildə P.Müşərrəf Pakistanın prezidenti olub, eyni zamanda icra hakimiyyətinin rəhbəri və silahlı qüvvələrin komandanı postlarını da əlində saxlayıb. Daha sonra ölkədə referendum keçirilib və ölkə seçicilərinin 97,97 faizi Müşərrəfin 5 illiyə ölkə prezidenti olmasına səs verib.
Müşərrəfin prezident elan olunması keçmiş baş nazir, Pakistan Xalq Partiyasının lideri Benəzir Bhuttonun etirazına səbəb olub.
2003-2005-ci illər arasında Müşərrəfin həyatına üç dəfə sui-qəsd cəhdi olub. Daha 14 sui-qəsdin qarşısı isə öncədən alınıb. 2003-cü ilin 14 dekabrında törədilən sui-qəsd teraktı isə daha dəhşətli olub. Prezidenti müşayiət edən maşın karvanı Ravalpindi şəhərinin yaxınlığındakı körpüdən keçərkən, körpünün altına yerləşdirilmiş beş partladıcı maddə radiosiqnalı vuran xüsusi avadanlığın sayəsində maşınlar ötdükdən sonra partlayıb. Həmin ayın 25-də isə yenə Ravalpindidə partladıcı maddələrlə dolu iki yük maşını prezidentin maşın karvanına hücum edib. Kamikadze Pakistanın ordu kəşfiyyatının şefi general-leytenant Nadim Tacın olduğu avtomobili taran edib. İkinci yük maşını da partladılıb, ancaq Müşərrəf terror aktından salamat qurtulub. 14 nəfər kənar şəxs həlak olub. Sui-qəsdin ordu zabitləri və islamçı ekstremistlər tərəfindən törədildiyi məlum olub və iki ayrı-ayrı hərbi tribunal günahkarları ağır şəkildə cəzalandırıb.
2007-ci ildə Pərviz Müşərrəf yenidən prezident seçilmək fikrinə düşüb. Ali Məhkəmə ona Ali Baş Komandan postunda qala-qala seçkidə namizəd olmasına icazə verib. Seçki baş tutub, Müşərrəf yenidən prezident seçilib. Ancaq Ali Məhkəmə onun prezident seçilməsinin qanuniliyini hərbi xidmətdən ehtiyata buraxılanadək təsdiqləməyəcəyini bəyan edib. Çünki konstitusiyaya görə, dövlət başçısı yalnız mülki şəxs ola bilər.
Ölkədə siyasi böhran yaranıb. Müşərrəf Pakistanda fövqəladə vəziyyət elan edib. Konstitusiyanın fəaliyyəti dayandırılıb. İri şəhərlərdə özəl telekanalların verilişləri kəsilib. Paytaxtda telefon şəbəkəsinin fəaliyyəti dondurulub. Ali Məhkəmənin 17 üzvündən 7-si – prezidentin fərmanını qanunsuz sayan hakimlər dərhal saxlanılıb. Hərbiçilər əsas hökumət orqanlarının giriş-çıxışlarını tutublar. Müxalifət qüvvələrinin rəhbərlərinin və fəallarının saxlanılması haqqında məlumatlar durumu daha da ağırlaşdırıb. Benəzir Bhutto Müşərrəfə qarşı kampaniyaya start verib. Onu ev dustağı ediblər.
Noyabrın 24-də keçid hökuməti Müşərrəfin seçkidə qalib gəldiyini elan edib. Bundan sonra o, milli ordunun komandanı postundan gedəcəyini və ölkəni mülki şəxs kimi idarə edəcəyini vəd edib.
Bundan bir ay sonra törədilən amansız terror aktı nəticəsində sabiq baş nazir Benəzir Bhutto həlak olub. Onun tərəfdarları qətlin təşkilatçısının Müşərrəf olduğunu bəyan ediblər.
2008-ci ilin 18 avqustunda Pərviz Müşərrəf könüllü şəkildə istefaya getdiyini bildirib. Buna səbəb həmin günə təyin olunmuş iclasda impiçment prosedurunun başlanacağı olub. Ancaq o, bu addımı öz şəxsi təhlükəsizliyinə təminat aldıqdan sonra atıb. Həmin vaxt Qərb dövlətləri ilə yanaşı, Pakistan ordusu da impiçment ediləcəyi halda Müşərrəfin müdafiəsi üçün hər hansı bir addım atmayacaqlarını bildiriblər.
2009-cu ildə ona qarşı iki cinayət işi açılıb. Onlardan biri Müşərrəfin 60 hakimi həbs etdirməsi, digəri Bhuttonun qətli ilə bağlı olub. Həmin vaxt Böyük Britaniyada olan eks-prezident ölkəsinə qayıtmayacağını bildirib.
Ancaq o, 2013-cü ildə İslamabada qayıdaraq, parlament seçkilərində iştirak etmək istəyib. Ali Məhkəmə onu dövlətə xəyanətdə ittiham edərək həbsə alıb və Müşərrəfin Pakistan ərazisində siyasətlə məşğul olmasına ömürlük qadağa qoyulub. Həmin ilin payızında, oktyabrın 9-da o, girov müqabilində azadlığa buraxılıb. Bir gün sonra yenidən həbs edilib.
2016-cı ilin martında Pakistanın Ali Məhkəməsi Müşərrəfin adını ölkəni tərk etməsi yasaqlanan şəxslərin siyahısından çıxarıb və 72 yaşlı eks-prezident müalicə üçün BƏƏ-yə gedib. Həmin vaxtdan o, Dubaydadır.
Bu ilin dekabr ayının 17-də isə üç nəfərdən ibarət xüsusi məhkəmə Pərviz Müşərrəfi ölüm hökmünə məhkum edib. 75 yaşını arxada qoyan eks-prezident yəqin ki, bir daha ölkəsinə qayıtmayacaq.
TƏRCÜMƏ:KONKRET.az