“Mediada İrakli Qaribaşvilinin tezliklə baş nazir postunu tərk edəcəyi ilə bağlı yayılan məlumatlar spekulyasiyadan başqa bir şey deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib: “Mən spekulyasiyalara şərh verə bilmərəm”.
O, həmçinin əmin edib ki, hakim “Gürcü arzusu”nun qurucusu partiya fəaliyyətində və Gürcüstanın siyasi həyatında fəal iştirak etmək üçün siyasətə qayıdıb.
Qeyd edək ki, müxalifətin “Mtavari” telekanalı hökumətdə və “Gürcü arzusu”nda kadr dəyişikliklərinin gözlənildiyini bildirib.
Telekanalın məlumatına görə, Gürcüstanın baş naziri postunu “Gürcü arzusu”nun hazırkı lideri İrakli Kobaxidze tutacaq. İrakli Qaribaşvili partiya sədri postuna namizədliyini irəli sürür. Amma ola bilsin ki, bu vəzifəni Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili tutsun.
“Georgia News” portalının qeyd etdiyi kimi, hakim komandada kadr dəyişiklikləri ötən ilin sonunda, Bidzina İvanişvilinin siyasətə rəsmi qayıdışı elan edildikdən sonra proqnozlaşdırılırdı. O, “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutub.
Yeri gəlmişkən, bu ilin oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Natiq Səlim,
KONKRET.az