Anar Əsədli: “Ukrayna xalqını və Krım tatarlarını yalnız buraxmamalıyıq”backend

Anar Əsədli: "Ukrayna xalqını və Krım tatarlarını yalnız buraxmamalıyıq"

Bu gün Ukraynada baş verən hadisələr dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu hadisələrdə isə dünyanın bütün dövlətləri, ən azından  imperialist xisləti olmayan ölkələr ərazisi Rusiya tərəfindən işğala məruz qalan Ukraynanın yanında olmalı və ona əlindən gələn dəstəyi əsirgəməməlidir.

Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədli də əsas diqqəti bu məsələyə yönəldib. Partiya başqanı bildirib ki, Ukraynanın daxilindəki hadisələri onların daxili məsələsi kimi qəbul edib, hər hansı xarici müdaxilənin yolverilməzliyi və qınanması gərəkdiyini bəyan etməliyik: “Biz partiya olaraq, siyasi qüvvələrin Ukraynaya dəstəklə əlaqədar ortaq bir bəyanatla çıxış etməyini məqsədəuyğun sayırıq. Ukrayna xalqı bilməlidir ki, ərazi bütövlüyü uğrunda apardığı mübarizədə yalnız deyil. Rusiyanın imperialist, şovinist siyasətinə qarşı ərazi bütünlüyü müstəvisində mübarizə aparan hər bir dost ölkənin yanında olmaq və dəstəkləmək bizim siyasi strategiyamız olmalıdır. Azərbaycan cəmiyyəti olaraq, Ukraynalıların hər iki Qarabağ savaşı sırasında bizə verdikləri dəstəyi, hər ikimizin eyni dövlətin siyasətindən əziyyət çəkdiyimizi, Türkiyə ilə birlilkdə yeni Qafqazı inşa etdiyimiz kimi, Xəzər-Qara-Aralıq dənizləri arasında yeni və daha ədalətli münasibətlərin qurulmasını istədiyimizi nəzərə alaraq, Ukrayna xalqını, o cümlədən Krım tatarlarını yalnız buraxmamalıyıq. Cəmiyyətimizin bütün təbəqələri öz sahəsində Ukraynaya dəstəyini bir şəkildə dilə gətirməli və bəyan etməlidir”.

Partiya başqanı Rusiyanın milli maraqları perimetri boyunca bütün xalqlar kimi, Ukrayna xalqının da onillərdir, milli, siyasi, iqtisadi, hərbi və daha bir çox sahə üzrə münaqişələr, problemlər yaşadağını diqqətə çatdırıb: “Ən qanlı və ərazicə böyük sahəni ehtiva edən münaqişələrdən biri Ukraynanın Donbas bölgəsindəki müharibədir. Müharibənin əsas səbəbi nədir? Bu barədə çox danışmaq və mübahisə etmək olar. Ancaq səbəbkarı mövzusunda elə də mübahisə doğuran bir məqam yoxdur. Onun adı Rusiyadır. Daha doğrusu, Rusiyanın iqtidarı, yəni Kreml Administrasiyası. Ancaq Ukraynada hər şey düşündüyümüz qədər sadə və aydın deyil. Əvvəla, Ukrayna hazırda sadəcə torpaq bütövlüyü uğrunda deyil, həm də hüquqi dövlət və demokratk cəmiyyət quruculuğu naminə də mübarizə aparmaqdadır. Bu prosesə korrupsiya ilə uğursuz mübarizəni də əlavə etsək, mənzərə çox tünd və ümidsiz olacaq. Digər bir məsələ isə bir çox Ukraynalının beynində nə Rusiya, nə Donbasdakı separatçılar, nə də Kiyevdəki qondarma sülhpərəstlərin vətən uğrunda aparılacaq savaşda birmənalı olaraq düşmən və vurulması gərəkən hədəf kimi görünür. Müharibədə isə əsas məsələ düşməninin kim olması mövzusunda tərəddüdlərin olmamasıdır. Tərəddüd varsa, qələbə mümkün deyil”.

Anar Əsədli əlavə edib ki, Ukraynanın beynəlxalq ictimaiyyətin deyil, beynəlxalq qüvvələrin (NATO-nun, Aİ-nin) dəstəyini alması elə də mümkün olmayacaq: “Çünki ilk iki məsələdə Ukrayna demək olar, imtahandan keçə bilmədi. Bunun nəticəsində beynəlxalq oyunçular da Ukraynaya dəstək verməkdə tərəddüd edir. Hətta əksinə, xaricdən dəstəyin olmaması səbəb, qalan məsələlər isə nəticədirsə, indiki real vəziyyətə bunun dəxli yoxdur – reallıq ortadadır. Donbasa hücum olacağı təqdirdə onu qoruyacağına, Rusiyanın varlığı qarşısında Ukraynaya hücum olacağı halda onu müdafiə edəcəyinə dair açıq mətnlə bəyanat verən bircə dövlət ya da beynəlxalq təşkilat yoxdur. Beləliklə, demək olar ki, Ukraynanın demokratik və vətənpərvər qüvvələri Ukrayna içində yalnızlaşdıqları kimi, Ukrayna özü də dövlət olaraq dünyada yalnızlaşıb. Belə olan halda, Ukraynaya dəstək əlini uzadacaq dövlət və ya qüvvə kim olmalıdır? Kim Rusiyanın doyumsuz torpaq iştahına “Dur!” deyə bilər? Avropanı və çağdaş dünyanı Şimaldan gələn orta əsrlərin qaranlığından kim mühafizə edə bilər? Sözsüz ki, bu qüvvə Türklərdir. Geniş mənada Türklər. Ukraynada yaşayan Krım Tatarlarından başlayaraq, Rusiyanın içində yaşayan Kazan tatarlarına qədər. Ukraynaya Krım tatarlarından bir insanı prezident, baş nazir ya da müdafiə naziri vəzifəsinə gətirmək təklifi veriləndə ciddiyə alınmamışdı. Halbuki Krım Tatarı prezident ya da baş naziri olan bir Ukrayna Türk Keneşindən tutmuş, Türk Qurultayları platformalarına qədər hər sahədə Türk Dünyasının bütün platformalarına inteqrasiya ola bilərdi. Ukraynanın Türk Dünyasının bir hissəsi olması Rusiyanın içində olan bütün Türk xalqlarının Kremlin imperialist siyasətinə qarşı etirazına səbəb olardı.  Digər tərəfdən, istər MDB, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, istərsə də AVRAZES-ə üzv olan Türk respublikaları Rusiyanın Ukraynaya qarşı olan iqtisadi və siyasi münasibətinə əngəl olar, ya da ən azından dəstək verməyəcəklərini sərt dillə bildirərdi. Ancaq bunların heç biri olmayacaq. Çünki Ukraynada hakimiyyətə gələnlərin demək olar, hamısı onları Rusiya ilə təkbaşına üz-üzə qoyan Qərb dövlətlərinə bel bağlayırlar. Əfsus, ancaq gerçək budur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*