Paşinyan bu addımı atsa, Bakı-İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə… – YENİ SSENARİbackend

Paşinyan bu addımı atsa, Bakı-İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə... - YENİ SSENARİ

Ermənistan hökuməti Zəngəzur dəhlizini ABŞ-a təhvil verməyə razılaşıb. Bu barədə İspaniyanın “Periodista Digita” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış “gizli memorandum”a istinadən xəbər yayıb. Bəs görəsən, bu, nə dərəcədə dəqiq və etibarlı məlumatdır? Ümumiyyətlə, Paşinyanın bununla razılaşması mümkündürmü? 

Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib:

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını düşünürəm” | KONKRET

“Bu iddianın mötəbərliyi ciddi suallar doğurur. Əvvəla, “gizli memorandum”a istinad edən mənbənin – “Periodista Digita”nın nə qədər etibarlı və nüfuzlu olması aydın deyil. Ermənistan kimi daxili siyasi və iqtisadi baxımdan qeyri-sabit ölkənin Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli bir ərazini ABŞ-a “təhvil verməsi” daha çox geopolitik manipulyasiyalara xidmət edən informasiya müharibəsinin tərkib hissəsi kimi görünür. Paşinyan hökumətinin ABŞ-la yaxınlaşma cəhdləri məlumdur, lakin konkret dəhlizin təhvil verilməsi ciddi suverenlik problemi yaradar və ölkə daxilində müqavimət doğurar. Bu tip addım Ermənistan daxilində Paşinyanın legitimliyini sarsıdar və onu daha da zəif mövqeyə salar. Üstəlik, İranın bu cür addıma reaksiya verəcəyi də şübhəsizdir. Çünki İran Zəngəzur bölgəsində ABŞ hərbi-siyasi varlığını öz sərhədlərinə təhdid kimi görür”.

Politoloqun sözlərinə görə, Azərbaycan üçün isə məsələ ikiüzlüdür:

“ABŞ-ın bölgədə mövcudluğu qısamüddətli diplomatik balans yarada bilər, amma strateji baxımdan təhlükəlidir. ABŞ-ın burada olması Rusiya və İranla münasibətlərdə əlavə gərginliyə səbəb olacaq. Dəhlizin açılması Azərbaycanın əsas məqsədidir, lakin onun kim tərəfindən “idarə olunacağı” məsələsi Bakının qırmızı xəttidir. Bakı üçün bu dəhliz yalnız iqtisadi arteriya deyil. Paşinyan isə bu addımı yalnız Rusiya və İran təsirindən çıxmaq üçün atarsa, özünü çox riskli bir oyun masasına oturtmuş olar. Regionda yeni bir Qərb-Rusiya cəbhəsi açmaq Ermənistan üçün geosiyasi intihara bərabərdir. Azərbaycanın marağı ondan ibarətdir ki, dəhliz bölgə ölkələri arasında razılaşma və beynəlxalq qüvvələrin kənarda qalması şərti ilə reallaşsın. Yəni, Azərbaycanın maraqlarına uyğun olan model – regional əməkdaşlıq və nəzarətdir, supergüclərin rəqabət meydanı deyil. Paşinyanın belə bir memorandum imzalaması ehtimalı var, amma bu addım onun öz hakimiyyətini sarsıdar və Azərbaycan-Ermənistan münasibətlərini yenidən qəliz fazaya sala bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*