Ermənistanın baş naziri Nikol Paşinyan öz təşəbbüsü ilə keçirilən bütün ermənilərin katolikosu seçkilərində Ovanavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək qərarına gəlib. Maraqlıdır, Ermənistan rəhbərliyi ilə kilsə arasındakı gərginlik ölkə daxilində siyasi sabitliyə necə təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, hökumət və kilsə arasındakı qarşıdurma artıq böhran xarakteri almaqdadır.
Onun sözlərinə görə, əgər əvvəllər Baş nazir Nikol Paşinyan bütövlükdə kilsəyə qarşı çıxırdısa, indi mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur.
“Paşinyan əvvəllər kilsəni müdafiə edən siyasi opponentlərini sıradan çıxarırdısa, indi hədəfini daha konkret müəyyənləşdirib. Birbaşa olaraq Ermənistanın katolikosunu hədəfə götürüb. Ona qarşı kilsə qaydalarını pozmaq ittihamı irəli sürülür”, – deyə
Hüseynov vurğulayıb.
Siyasi şərhçi hesab edir ki, Paşinyan özünə loyal şəxsi katolikos postuna gətirməyə çalışır. Lakin bu proses asan deyil.
“Qaydalara görə 6 apostol seçilməli və onların arasından yeni katolikos müəyyən edilməlidir. Paşinyanın bu vəzifəyə sadiq şəxsi irəli çəkməsi isə indiki reallıqlarda olduqca çətin görünür.
Şübhəsiz ki, Paşinyan kilsə rəhbərliyi üzərində qələbə qazanmaq niyyətindədir və bu yolla yenidən baş nazir seçilməyi hədəfləyir”.
Aynurə İsmayıl
KONKRET.az