“Paşinyan dəqiqləşdirsin, KTMT-dən çıxır, ya yox?” – AÇIQLAMAbackend

“Paşinyan dəqiqləşdirsin, KTMT-dən çıxır, ya yox?” - AÇIQLAMA

Bir neçə gündür ki, Rusiyanın rəsmi dairələri Ermənistan hökumətindən dəqiqləşdirilmiş mövqe gözləyir. Söhbət Nikol Paşinyanın ölkəsinin KTMT-yə üzvlüyünü dondurması ilə bağlı bağlı bəyanatından gedir. Qeyd edək ki, Nikol Paşinyan “France 24” telekanalına verdiyi müsahibədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi.

Dünən Lukaşenko da mövzuya münasibət bildirib və qeyd edib ki, Minsk Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı bəyanatlarına tamamilə sakit yanaşır.

Belarus prezindenti üzvlüyün ləğvi ilə bağlı İrəvandan heç bir rəsmi bildirişin daxil olmadığını da bildirib. Lukaşenko iddia edib ki, KTMT-nin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara müdaxilə etmək imkanı yox idi.

“Başa düşmək lazımdır ki, Azərbaycan bütün KTMT üzvləri üçün yad ölkə deyil, ermənilər isə bizim dost xalqımızdır. Biz nə edə bilərdik? Hesab edirəm ki, bu ölkələr problemin həlli üçün indi düzgün yoldadır”, – Lukaşenko bildirib.

KONKRET.az xəbər verir ki, rusiyalı hərbi analitik Pavel Felqenqauer müsahibəsində deyib ki, KTMT-Ermənistan münasibətlərindəki hazırkı vəziyyət həm KTMT-yə, həm də Rusiyaya çoxdan məlumdur. Çünki Ermənistan uzun müddətdir, KTMT-ni tənqid edir, həm də bu strukturda iştirakdan imtina edir.

Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlər və Rusiya Ermənistandan mövqeyi ilə bağlı tam aydın açıqlama gözləyir:

“Tənqid etmək, şikayət etmək ayrı şeydir, KTMT üzvlüyünü dondurmaq isə başqa şeydir. Təşkilatın nizamnaməsi imtina ilə bağlı prosedurlara aydınlıq gətirir. Mənə elə gəlir ki, İrəvan məsələlərə dəqiq mövqe bildirməlidir”.

Analitikin fikrincə, Moskvanı çox güman ki, əsas sual maraqlandıracaq: Ermənistan KTMT-ni tərk edir, ya yox? Çünki strukturdan narazı olmaqla onu tərk etmək ayrı-ayrı şeylərdir:

“Bu günlərdə edilən bütün şərhlərin məqsədi Ermənistan hakimiyyətinin tutduğu siyasi xətti aydınlaşdırmaqdır. Təbii ki, İrəvanın belə bir niyyəti nəzərə çarpır, amma imtina rəsmi şəkildə elan olunmur. Ona görə də belə məsələlərdə yalnız rəsmi açıqlamalar son dərəcə vacibdir. Lakin İrəvan aydınlaşdırmağa tələsmir. KTMT-dən çıxmaq isə bir sıra başqa məsələləri və problemləri ortaya çıxaracaq və ikitərəfli münasibətlərin pisləşməsinə gətirib çıxaracaq. Ancaq məncə, İrəvan belə bir qərarı olsa belə, tələsmir, çünki Ukrayna cəbhəsindəki vəziyyət Qərbin resurslarına da təsir edir, onların fəaliyyətini məhdudlaşdırır”.

“Ermənistan KTMT-dən çıxmaq qərarına gələrsə, Moskvanın reaksiyası necə olacaq”, – sualına analitik belə cavab verib ki, əslində Ermənistan-Rusiya münasibətlərinin əsas məzmunu ikitərəfli sənədlərdə öz əksini tapıb:

“KTMT bütün ölkələr üçün az əhəmiyyət kəsb edən strukturdur, ona görə də Ermənistan-Rusiya münasibətlərinin əsas məzmunu KTMT-dən çıxmaqdan daha vacibdir və Ermənistanın bu məsələdə nə edəcəyi hələ də tam başadüşülən və aydın deyil”.

Felqenhauer vurğulayıb ki, indiki mərhələdə Moskvanın belə hallarla necə davranmaq barədə ciddi strategiyası yoxdur, çünki bütün diqqət başqa məsələlərə yönəlib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*