“Nikol Paşinyan İlham Əliyevin göstərişlərini yerinə yetirir. Məhz onun səyi nəticəsində Laçın dəhlizi bağlandı və ermənilər Qarabağı tərk etdilər”.
KONKRET.az xəbər verir ki, bunu parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.
Erməni deputat Paşinyanı ölkəni yenidən müharibəyə sürükləməkdə ittiham edib.
Deputat deyib ki, Nikol şimala və ya Qərbə istiqamət almayıb. Onun xarici siyasi vektoru Türkiyəyə yönəlib: “Müxalifət öz növbəsində xalqımızla işləməli, eyni zamanda vətəndaşları narahat edən başqa məsələləri də gündəmə gətirməklə mübarizəni genişləndirməlidir. Müxalifətin əsas məqsədi Paşinyanla əməkdaşlıq etmək olmamamlıdır”.
İ.Saqatelyan ölkədə vəziyyətin getdikcə acınacaqlı hal aldığını da vurğulayıb: “Hakimiyyət iş adamlarını sıxışdırır, onlara əlverişsiz vergi şəraiti yaradır, bu məsələ parlamentin tribunasından səsləndirilməlidir. Bizə yalvarırlar. Hökumət bizə vəzifələr vəd edir. Cavabımız mütləq şəkildə “yox” olmalıdır. Qəti şəkildə bəyan edirəm, Nikoldan qurtulmaq lazımdır”.
Siyasətçi daha sonra fikirlərini belə davam etdirib: “Sabah Alen Simonyan və Nikol Paşinyan erməni əlifbasının dəyişdirilməsi məsələsini qaldıracaqlar. Deyəcəklər ki, əlifbamız köhnədir, 1600 ilik yaşı var və indiki şərtlərə uyğun gəlmir. Hələ üstəlik ki, Daniel İoannisyana yeni əlifba yazmağı tapşıra bilərlər. Bizim kökümüzü qazımaq istəyirlər. Çünki bu insanlar Türkiyə və Azərbaycanın oyuncaq hökumətləridir”.
İ.Saqatelyan proseslərin mümkün inkişafı ilə bağlı proqnozunu da verib:
“Ermənistanı aşağıdakı hadisələr gözləyir: Konstitusiyaya dəyişiklik, növbədənkənar seçkilər, “sülh müqaviləsi”nin imzalanması. Müxalifət indidən buna hazır olmalıdır. Düşünmürəm ki, Nikol referenduma gedəcək, amma belə bir şey olarsa, konstitusiya referendumunu Paşinyana etimadsızlıq referendumuna çevirmək lazımdır. Əgər o, müqavilə imzalamağa gedirsə, imzalanmadan ratifikasiyaya qədər kifayət qədər proses var. Həmin vaxtdan istifadə edib, sənədini də qucağına verib Nikolu istefaya göndərmək lazımdır”.
“Nikol və komandası xalqı aldadaraq Ermənistanın kapitulyasiyasını nailiyyət kimi təqdim edə bilməməlidir. Biz gecə-gündüz bunu xalqa başa salmalıyıq. Çünki Azərbaycan və Türkiyənin son hədəfi erməni xalqını məhv etməkdir”, – deyə erməni deputat bildirib.
“Müxalifət bir-birinə hücum etmək, bir-birini zəiflətmək siyasətini dayandırmalıdır”, – deyə o fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az