Paşinyan: Ermənistanın futbol yığması dünya çempionu olmalıdırbackend

Paşinyan: Ermənistanın futbol yığması dünya çempionu olmalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı çıxışı zamanı 31 il əvvəl-erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarını səsləndirib.

BAKU.WS xəbər verir ki, Paşinyan Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədinin “miatsum” olduğunu deyib. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.

Paşinyanın “miatsum” şüarını səsləndirməsi Qarabağ münqaişəsinin sülh yolu ilə nizamlanmasına dair ümidləri yerlə bir edib. Mövzuya münasibət öyrənmək üçün politoloq Elxan Şahinoğluna müraciət etdik.

O, BAKU.WS-a açıqlamasında deyib ki, Paşinyanın çıxışının tam mətni ilə tanış olduqda onun ermənilərlə məzələndiyi görünür: “Əlbəttə, Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişi və Xankəndində söylədiyi “Artsax Ermənistandır” açıqlaması əsəblərimizə toxunur. Ancaq Paşinyanın çıxışının tam mətni ilə tanış olduqda onun ermənilərlə məzələndiyi görünür. Görün Xankəndidə nələr deyib:

– “2050-ci il üçün Ermənistanın əhalisini 5 milyon çatdırmalıyıq”;
– “Ermənistanda 1.5 milyon iş yeri yaratmalıyıq”;
– “Ermənistanın ümumdaxili məhsulunu 15 dəfə artırmalıyıq”;
– “Ermənistanda 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik”;
– “Ermənistanda orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq”;
– “Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik”;
– “Ermənistan futbol üzrə dünya çempionu olmalıdır”

Sonuncu istəyi ilə lap gül vurub. Bütün bunları o şəxs deyir ki, bir gün əvvəl statusunda bunları yazmışdı ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları paraliç vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub. Çıxışında ermənilərlə məzələnən Nikol Paşinyan bir gün əvvəlki statusunda daha ciddi idi. Yeganə uğurları torpaqlarımızı 25 ildir işğal altında saxlamalarıdır ki, bu yeganə uğurlurarını uğursuzluğa çevirməyi sürətləndirməliyik!”

Politoloq əlavə edib ki, Nikol Paşinyanın “Arsax Ermənistandır” deməsi həm də daxili auditoriyaya hesablanıb: “Paşinyan sonrakı cümləsində deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, “irəvanlı” və “qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb. Bu durumu dəyişmək onun gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar.

Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir. Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur ki, Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*