Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya yola düşüb.
KONKRET.az xəbər verir ki, Paşinyan fevralın 10-11-də Parisdə işgüzar səfərdə olacaq.
O, süni intellekt üzrə sammitdə iştirak edəcək. Paşinyanın Fransa prezidenti Emmanuel Makronla da görüşü nəzərdə tutulub.
Bu arada Paşinyan rəsmi olaraq Moskvada keçiriləcək “Qələbə Günü” tədbirlərinə də dəvət alıb.
Moskva Ermənistan rəhbərliyinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirakını gözləyir.
Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.
“Qeyd etmək istərdim ki, bir neçə aydan sonra bütün ruslar keçmiş Sovet İttifaqı xalqları ilə birlikdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd edəcəklər. Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyana rəsmi dəvət göndərilib”, – səfir vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin KTMT-yə üzv ölkələrin rəhbərlərini Böyük Qələbənin 80 illiyi şərəfinə keçiriləcək təntənəli tədbirlər üçün Moskvaya dəvət edib.
Müşviq Tofiqoğlu
KONKRET.az