“Paşinyan hakimiyyəti erməni xalqının keçmişini və gələcəyini hərraca çıxarıb” – Danielyanbackend

"Paşinyan hakimiyyəti erməni xalqının keçmişini və gələcəyini hərraca çıxarıb" - Danielyan

“Ermənistanın indiki hökuməti erməni xalqının keçmişini və gələcəyini hərraca çıxarıb və erməni tarixi dərsliklərinin məzmunu ətrafında geosiyasi mübarizə başlayıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan səsləndirib.

“Təhsil, Elm, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri 8-ci sinif tarix dərsliyinə mina qoyublar. Bu mina nə vaxt partlayacaq və bunun nəyə gətirib çıxaracağını zaman göstərəcək. Lakin Rusiya Xarici İşlər Nazirliyi dərsliklərdəki tarixin təhrif olunmayacağına ümid etdiyini bildirərək, buna cavab verməyi zəruri hesab edib. Buna cavab olaraq istifadə olunan terminin dəyişdiriləcəyi bildirilib. Dərslikdə istifadə edilən ifadə isə belə idi ki, 1828-ci ildə Rusiyanın Cənubi Qafqazda peyda olması bu ərazinin, xüsusən də “Şərqi Ermənistan”ın ilhaqı idi”, – deyə o, Konseptual Platformada bildirib.

Onun sözlərinə görə, reallıqda Rusiya Cənubi Qafqazı ilhaq edib, lakin o dövrdə siyasi birlik kimi “Şərqi Ermənistan” mövcud deyildi:

“Bu, tarixin açıq-aşkar təhrifidir. Və bu təhrifin geosiyasi motivləri var və bu düsturlardan istifadə edənlər geosiyasi sifarişi yerinə yetirirlər, çünki reallıqda tarix dərslikləri təkcə keçmişlə bağlı deyil, həm də gələcək nəsillərin təfəkkürünün formalaşması ilə bağlı olduğuna görə gələcək haqqındadır.

Hələ 10-15 il əvvəl Ermənistanda Cənubi Qafqazın vahid tarixini yazmağa cəhd edilib, Qərb qrantları hesabına bu iş aparılıb, amma məsələ heç vaxt məntiqi nəticəyə gətirilməyib. Bu gün bu işin bir çox iştirakçıları özlərini Təhsil Nazirliyi sistemində tapır və dərsliklərə yerindəcə düzəlişlər etməyə çalışırlar.
Regionda qüvvələr balansında dəyişikliklərlə dolu olan indiki geosiyasi vəziyyətdə dərsliklərin dəyişdirilməsinin nə mənası var? Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, proseslərin dönməzliyini, təfəkkürün dəyişməsini, Rusiyaya münasibətin dəyişməsini, Rusiyanın “Şərqi Ermənistan”ı ilhaq etdiyinə inanan nəslin yetişdirilməsinin zəruriliyini təmin etmək məqsədi daşıyır.

Təəssüf ki, indiki hökumətin Ermənistanın gələcəyi, bəlkə də bu günü ilə bağlı hər hansı bir konsepsiyası yoxdur. Hakimiyyət tərəfindən atılan bütün addımlar kortəbii, ziddiyyətli xarakter daşıyır və bu addımların məqsədi yalnız təcili problemlərin həllidir”.

Yeri gəlmişkən, 1828-ci ildə indiki Ermənistan ərazisində “Şərqi Ermənistan” adlı bölgə olmayıb. Həmin ərazilər tamamilə Azərbaycana məxsus olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*