Paşinyan Hitlerin 1945-ci il 30 yanvar çıxışını təkrarlayırbackend

Paşinyan Hitlerin 1945-ci il 30 yanvar çıxışını təkrarlayır

Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edərək hamını silaha sarılmağa çağırdı. Bununla da kifayətlənmədi. Ardınca ayrı-ayrılıqda da şəhər merlərinə, kənd icmalarının başçılarına, dövlət və hökumət qurumlarının rəhbərlərinə çağırış edib onların qarşısında könüllülərdən ibarət silahlı dəstələr yaratmaq tələbi qoydu. Necə deyərlər, hamıya “obşi”, məmurlara “personalnı tost”…

Paşinyanın ritorikası maraqlıdır. “Könüllülər”dən ibarət dəstə yaratmaq tələbi… Tələb, əmr, inzibati təzyiq və könüllülük… Bu necə olur? Bu necə mümkün ola bilər? Bu nə deməkdir?

Məsələ aydındır. Elə Paşinyanın psixoloji durumu da. Tələyə düşən tülkü quyruğunu qoparmağa çalışan kimi, Ermənistan baş naziri də çabalayır. Onun təhdid, əmr, hədə-qorxu tonu ilə danışması ölkəsindəki vəziyyətin kritikdən də o yana olduğunu göstərir. Ordu yarımcandır, fərarilik və əmrə itaətsizlik halları baş alıb gedir (ki, bunu cəbhəyə getməkdən boyun qaçıran yüksək rütbəli zabitlərə açılmış cinayət işlərinin sayının son həftədə üçqat artması da göstərir). Ard-arda gələn sarsıdıcı məğlubiyyətlərdən vahiməyə düşmüş cəmiyyətdə artıq etiraz səsləri ucalmağa başlayıb. Döyüşmək istəyənlər yoxdur. İqtisadi fəlakəti, diplomatik qısnanmanı, həmişə ümid yerləri olmuş erməni diasporunun da artıq İrəvandan üz döndərməyə başlamasını hələ bir kənara qoyaq. Ölkə içindən sınıb. Mənən sınıb. Şayiələr, panika, total qorxu, ruh düşkünlüyü cəmiyyəti əldən salır. İş o yerə çatıb ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti xalqa müraciətində “bizim qurumda Azərbaycana işləyənlər, casuslar, vətən xainləri yoxdur” deməyə məcbur olur – bu, istənilən xüsusi xidmət orqanı üçün rüsvayçılığın son həddidir. Ardınca erməni xalqını “sosial şəbəkələrdə ağzına gələni yazmağa son qoymağa” çağırırlar…

Paşinyanın ermənilərə 21 oktyabr tarixli müraciətinin dil və üslubu politoloq və tarixçilərə tanış gəlməlidir. Çünki bu çıxışın tarixdə məşhur bir analoqu var. Söhbət Hitlerin 30 yanvar, 1945-ci il tarixli müraciətindən gedir. Cümlələr, ton, hədəf kütlə, məzmun, intonasiya necə də oxşardır!

Paşinyan bu sözlərində səmimi olduğunu sübut etdi - Fransalı politoloq

Hitler, 30 yanvar, 1945: “Biz yalnız silahlı müqavimət sayəsində davam gətirə, ali məqsədimizə çata bilərik”.

Paşinyan, 21 oktyabr, 2020: “Erməni xalqı yalnız əldə silah məqsədinə nail ola bilər”.

Hitler, 30 yanvar, 1945: “Alman xalqının səadəti uğrunda sona qədər vuruşacağıq”.

Paşinyan, 21 oktyabr, 2020: “Bizim sonrakı addımımız xalqımız naminə axıra qədər döyüşməkdir”.

Hitler, 30 yanvar, 1945: “Dünya dağılsa da Almaniya uğrunda müqəddəs mübarizəmiz davam edəcək”.

Paşinyan, 21 oktyabr, 2020: “Nələrin baş verməsindən asılı olmayaraq mübarizə aparmalıyıq”.

Hitler, 30 yanvar, 1945: “Əminəm ki, alman əsgəri bu dəqiqə silahını yalnız alman xalqı naminə yerə qoymur, yalnız vətəni müdafiə etmək barədə düşünür”.

Paşinyan, 21 oktyabr, 2020: “Xalqımız naminə mübarizə ilk növbədə silah götürüb vətənimizi müdafiə etmək deməkdir”.

Hitler, 30 yanvar, 1945: “Sizdən əks-hücuma keçməyi, əmrlərimə tabe olmağı, qarşınızda qoyduğum vəzifələri sona qədər yerinə yetirməyi tələb edirəm”.

Paşinyan, 21 oktyabr, 2020: “Erməni könüllüləri komandanlığın onların qarşısında qoyduğu vəzifələri yerinə yetirməlidir”.

Tarix təkrar olunur? Buna tarixçilər cavab verər. Bizsə onu deyək ki, tarix belə analogiyalarla, faşizmin və kor millətçiliyin labüd sonluğuna dair bu cür faktlarla zəngindir. Birinə baxaq.

1945-ci il, aprelin 21-i. Döyüşlər artıq Berlin küçələrində gedir. Dağıntılar altında yerləşən qərargahında olan Hitler isə hələ də sayıqlayır, “ordu qurur”, “hücuma keçir”, “döyüşlərdə parlaq qələbələr qazanır”. Həyatının son həftəsini yaşayan psixopat diktatora hələ də elə gəlir ki, Almaniya zəfər çalacaq. Aprelin sonudur, amma Hitler “müharibənin dönüş anı”nın nəhayət ki, gəlib çatdığına inanmaqda davam edir. Tez-tez “Tanrı bizim tərəfimizdədir”, “itkilərimizi saysız-hesabsız hərbi birləşmələrlə əvəzləyəcəyik” deyə isterik vəziyyətdə gah çığırır, gah da pıçıldayır. Hitlerin alman xalqının başına nə gələcəyi ilə maraqlanmaması artıq hər bir almana məlum idi. Generallar fürerə itaət görüntüsü yaratsalar da əslində heç bir addım atmırdılar. Hamı təslim olmaq ovqatında idi. Bu vəziyyət cəmi bir həftə çəkdi…

Baxaq görək Ermənistanda nə qədər çəkəcək…

Famil CƏFƏRLİ – Xural qəzeti

Famil Cəfərli

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*