Paşinyan iki daşın arasında qalıb – MÜSAHİBƏNİN TAM MƏTNİbackend

Paşinyan iki daşın arasında qalıb – MÜSAHİBƏNİN TAM MƏTNİ

Cənubi Qafqazda Ermənistanın yeritdiyi siyasət region dövlətlərini qane etmir və Baş nazir Nikol Paşinyan Qərbi bölgəyə sürükləməklə əsas müttəfiqi Rusiyanın səbr kasasını doldurur. Beş il əvvəl sorosçuların hakimiyyətə gətirdiyi Paşinyan götürdüyü öhdəliklərə uyğun hərəkət edir və havadarlarının çaldığı ilə oynayır. Rusiyanı regiondan sıxışdırıb çıxartmaq üçün Qərblə əməkdaşlıq edən Ermənistan hakimiyyəti əməli addımlar atır və bu da Şimal qonşumuzun diqqətindən yayınmır. Rusiyanın ciddi təpkisinə baxmayaraq Ermənistan öz bildiyini edir.

Rusiyalı ekspertlər hesab edirlər ki, Paşinyan tezliklə Ermənistan ərazisindəki Rusiya hərbi bazasının çıxarılması tələbini irəli sürəcək. Proseslər də bunu göstərir və çox güman ki, yaxın vaxtlarda rusların Ermənistanı tərk etməsi birdəfəlik öz həllini tapa bilər. Bu, Qərbin layihəsidir və yalnız bundan sonra Ermənistan üzərindən Cənubi Qafqaza girməyi planlaşdıran Qərb yeni geosiyasi strategiyasını həyata keçirməyə başlayacaq. Ermənistan Baş naziri Nikol Paşinyan isə bunu təkzib edir və Amerikanın “The Wall Street Journal”ına verdiyi müsahibəsində fərqli məqamlara toxunub.

KONKRET.az həmin müsahibəni olduğu kimi təqdim edir.

“The Wall Street Journal”: Avropa Parlamentindəki çıxışınızda bəzi müttəfiqlərinizin davranışından məyus olduğunuzu qeyd etdiniz. Sizcə, KTMT-dəki  müttəfiqləriniz, xüsusən də Rusiya nə etməli idi?

Nikol Paşinyan: 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı təcavüzkar hərəkətlər həyata keçirməsindən danışdıq. Üzv dövlətə qarşı təcavüz zamanı görülməli tədbirlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsində aydın şəkildə göstərilmişdir. Orada yazılanlar baş vermədi və təbii ki, bu hal həm Ermənistan hökumətini, həm də Ermənistan ictimaiyyətini məyus edir.

Həmçinin bizim Rusiya ilə təhlükəsizlik sahəsində ikitərəfli müqaviləmiz var. Bu müqavilədə üzərlərinə götürdükləri öhdəliyə də əməl etmədilər.

The Wall Street Journal: Əslində indi sizin Rusiya ilə bu müqaviləniz var və  Ermənistanda da Rusiyanın hərbi bazaları yerləşir. Sizcə, Rusiyanın Ermənistanda hərbi mövcudluğu üstünlükdür, yoxsa maneə?

Nikol Paşinyan: Ən azından hazırda təəssüf ki, üstünlükləri görmədik.

The Wall Street Journal: Bu o deməkdir ki, siz Rusiyadan hərbi bazalarını çıxarmağı tələb etməyi planlaşdırırsınız?

Nikol Paşinyan: Biz belə bir sualı müzakirə etmirik. Biz indi daha çox başqa məsələləri müzakirə edirik. Mən hesab edirəm ki, bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında müzakirələr üçün gündəm olacaq.

The Wall Street Journal: Siz daim deyirsiniz ki, sizin və erməni xalqının rus qoşunları və Rusiyanın davranışı ilə bağlı sualları var. Hansı problemlər nəzərdə tutulur?

Nikol Paşinyan: Əvvəla, sualınızla bağlı mən artıq Qarabağdakı sülhməramlı qoşunların fəaliyyətinə toxunmuşam, hərəkətləri, daha dəqiq desək, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında KTMT-nin fəaliyyətsizliyini qeyd etmişəm. Eyni şey Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində ikitərəfli sazişlərə də aiddir.

The Wall Street Journal: Siz KTMT-nin funksiyalarının yerinə yetirilməməsi faktını təsdiqlədiniz. Ermənistan niyə bu təşkilatın üzvü olmaqda davam edir?

Nikol Paşinyan: Məhz ona görədir ki, biz məsələlərin müzakirəsi mərhələsindəyik, ona görə ki, KTMT-nin hər hansı məsələdə bizi səhv başa düşməsini, KTMT-ni hər hansı məsələdə yanlış anlamasını istəmirik. Bunun üçün hər hansı nəticə çıxarmaq üçün an yetişənə qədər ardıcıl iş aparmalıyıq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*