Paşinyan Los-Ancelesdə daha aqressiv bəyanatlar verməyə hazırlaşırbackend

Paşinyan Los-Ancelesdə daha aqressiv bəyanatlar verməyə hazırlaşır

Fazil Mustafa: “Paşinyanın bəyanatları psixikamızı korlamağa və bizi ruhdan salmağa yönəlib. Biz bunu anlamalıyıq”

Üzeyir Cəfərov: “Baş nazir separatçı rejimin dəstəyini qazanmağa çalışır”

 Paşinyan ABŞ-ın Los-Anceles şəhərində ümummilli erməni mintinqində avantürist çıxşılarını davam etdirəcək. Artıq erməni mediasında bununla bağlı xeyli yazı və şərhlərə rast gəlmək olar. Ümumi proseslər onu göstərir ki, Ermənistan baş nazirinin müəyyən hədəfləri var ki, bu, üzdəniraq açıqlamalar da buna xidmət edir.

Qeyd edək ki, onun avqustun 5-də Xankəndində çıxışı zamanı səsləndirdiyi “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) – Ermənistanın ayrılmaz tərkib hissəsidir”  bəyanatı, bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Paşinyanın səsləndirdiyi avantürist, təhrikedici bəyanatların ardı-arası kəsilmədən,  Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da sadə dillə desək öz ağasının fikirlərinə dəstək çıxıb.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesinin getdiyi bir vaxtda, Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin bu cür sərsəm fikirlər səsləndirməsi heç bir məntiqə sığmır. Belə olan halda isə müəyyən suallar meydana gəlir.

 Görəsən, Nikol Paşinyan niyə bu cür avantürist fikirlər səsləndirir?  Onun bu bəyanatının arxasında hansı məqsədlər dayanır?

Fazil Mustafa, millət vəkili

Konkret.az saytının ünvanladığı sualları millət vəkili Fazil Mustafa cavablandırıb. O, bildirib ki, ermənilər indi daha çox azərbaycanlılara psixoloji təzyiq göstərməyə üstünlük verirlər. Onlar bilirlər ki, indiki şəraitdə müharibə riskini özümüz üçün məqbul hesab etmirik. Çünki beynəlxalq şərtlər buna uyğun gəlmir: “Hər hansısa bir addımı atmaq üçün, bölgədə olan güc mərkəzlərinin buradakı maraqlarını, fikir və rəylərini nəzərə almaq lazımdır. Ona görə də, ermənilər daha çox psixoloji üstünlüyü əldə etmək üçün, bu cür addımlar atırlar. Biz bu mərhələni anlamalı və soyuqqanlı şəkildə özümüzün gələcəyə doğru torpaqlarımızı azad etmək missiyamızı həyata keçirməyə çalışmalıyıq. Çünki hazırlıqsız şəkildə hansısa bir prosesə qoşulmağımız mənfi nəticələrə gətirib çıxara bilər. Yəni Paşinyanın bəyanatları psixikamızı korlamağa və bizi ruhdan salmağa yönəlib. Biz bunu anlamalıyıq”.

 Millət vəkili əlavə edib ki, Paşinyanın səsləndirdiyi fikirlərə hökumət tərəfindən verilən cavablar beynəlxalq sistemin diplomatik çərçivəsinə uyğundur: “Əsas odur ki, danışmaqdan daha çox, müharibəyə hazırlıq işlərinə diqqət yönəldilsin. Bu, hökumətin əsas vəzifəsi olmalıdır”.

Üzeyir Cəfərov, hərbi ekspert

Mövzuya münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov isə Paşinyanın açıqlamalarının son vaxtlar

Ermənistandakı daxili vəziyyətlə bağlı olduğunu dilə gətirib.  O bildirib ki, separatçılar bu yaxınlarda prezident seçkiləri keçirməlidirlər: ”Paşinyanın bu seçkilərdən çox böyük gözləntiləri var. Bu gözləntilərin özünü doğrultması üçün baş nazir separatçı rejimin dəstəyini qazanmağa çalışır”.

Üzeyir Cəfərovun sözlərinə görə, Paşinyanın sərsəm fikirləri beynəlxalq qurumların maraqlarına da xidmət edir: “Beynəlxalq qurumlar istəyirlər ki, münaqişə alovlansın və onların “fəaliyyətinə” ehtiyac yaransın. Məhz bundan dolayı belə bəyanatların səsləndirilməsinə rəvac verirlər. Paşinyanın bəyanatından sonra ATƏT-in Minsk Qrupunun susqunluğu bütün deyilənləri sübuta yetirir”.

Müşfiq Əhmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*