Paşinyan Qarabağa gəlir, Azərbaycanın mövqeyi isə qətidir: “Bu “seçki” şousunun heç bir hüquqi əsası yoxdur”backend

Paşinyan Qarabağa gəlir, Azərbaycanın mövqeyi isə qətidir: “Bu “seçki” şousunun heç bir hüquqi əsası yoxdur”

Baş nazir Nikol Paşinyan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qarabağa, Azərbaycanın qədim qalası Şuşa şəhərinə gəlir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Nikol Paşinyan Dağlıq Qarabağda “yeni seçilmiş prezident” Araik Arutyunyanın andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, bununla bağlı “tədbir” bu gün saat 18: 00-da Şuşa şəhər Mədəniyyət və Gənclik Mərkəzində keçiriləcək.

Mərasimdə Ermənistanın bir sıra nazirləri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polis rəisi və Ermənistan Təhlükəsizlik Şurasının katibi iştirak edəcəklər.

Haşiyə: Paşinyanın Qarabağa gəlişi və “andiçmə mərasiminin” məhz Şuşada keçirilməsi ilə bağlı iki gündür ki, erməni mediası informasiyalar tirajlayır. Onların fikrincə, Njde cəlladı haqda həqiqətləri, eyni zamanda Paşinyanın babasının nasist Almaniyasının tərəfində döyüşdüyünü dünya ictimaiyyətinə Azərbaycan çatdırıb (əslində isə bu faktı ilk dəfə erməni mediası yayıb). Məhz bunun qarşılığında Azərbaycana mənəvi zərbə vurmaq üçün Şuşa şəhəri seçilib. Üstəlik, rəsmi İrəvan Azərbaycanın mədəniyyət ocağında “tədbir” keçirməklə 2016-cl il Aprel müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq istəyir.

Azərbaycan rəsmiləri, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş Şuşa şəhərində keçiriləcək “andiçmə mərasimi” ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz:

“Ermənistan-Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər.

Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*