“Biz 44 günlük müharibədən sonra üç il yarım vaxt itirdik. Halbuki bu müddət ərzində təhlükəsizliyimizi tam bərpa edə və hətta hərbi gücümüzü kifayət qədər artıra bilərdik. Amma heç nə edilmədi”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan “Biz” müəllif proqramına müsahibəsində deyib.
“2021-ci ildə mən müdafiə naziri təyin olunanda Rusiya Federasiyasının müdafiə naziri ilə razılığa gəldik və Rusiyanın müxtəlif akademiyalarından 40 yüksək rütbəli general, zabit və hərbi sahənin professoru Ermənistana gəldi. Onlar bilikli, təcrübəli zabitlər və generallar idi. Bizimlə 1,5 ay işlədilər. Biz razılaşdığımız sənədi bir müddət müzakirə etdikdən sonra qəbul etdik. Həmin sənəd gələcək təhlükəsizlik sistemimizdən bəhs edirdi. Bundan sonra biz Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəndə və ona bu dəstəyə görə təşəkkür edəndə dedim ki, sizin işiniz bununla bitmir, indi zəhmət olmasa, mütəxəssislər göndərin ki, sənədi həyata keçirək. Bizdə Ermənistana gəlib 3 il Ermənistan ordusunda işləməli olan 80-ə yaxın zabitin siyahısı var idi ki, ordumuzu inkişaf etdirək”, – deyə Krapetyan bildirib.
General qeyd edib ki, sözügedən sənəddə Ermənistan ordusuna verilməli olan silahlar da göstərilib və onların təminatının bir hissəsini Rusiya tərəfi öz üzərinə götürüb. “Bütün bunları həyata keçirsəydik, Qarabağı çətin ki, itirərdik və bu gün sərhəddən kənara qorxu ilə baxmazdıq. Paşinyana dedim ki, mənə 3 il sülh lazımdır, eyni şeyi Arayik Arutyunyana da demişəm. Mənə bir şey aydın idi: biz Ermənistanı və Qarabağı qorumalı idik”, – Karapetyan bildirib.
Natiq Səlim,
KONKRET.az