Bir müddətdir ki, Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamağa hazırlaşdığı ilə bağlı iddialar ortada dolaşır. Bu iddiaları gücləndirən məqamlar da az deyil. Məsələn, rəsmi İrəvanın masada sülh danışıqlarından boyun qaçırması, müddətin uzadılması, özünə yeni müttəfiq axtarışı və ən nəhayətində zəif ordunun güclü silahlarla təchiz olunması kimi faktlar sözügedən məsələni daha da ciddiləşdirir. Bəs Ermənistan əslində nə istəyir?
KONKRET.az siyasi ekspertlərin ümumi rəyinə əsasən xəbər verir ki, qarşı tərəfin məsələni bu qədər uzatmaqda məqsədinin yeganə səbəbi qorxudur.
Ermənistan özünü sığortalamaq istəyir. Bu məsələdə isə çıxış yolunu Avropa Birliyinin missiyasında görür. Ermənistanın Azərbaycandan əsl istəyi Avropa Birliyi Missiyasının fəaliyyətinin davam etdirilməsidir. Ermənistan AB missiyasını ölkəsinin təhlükəsizliyini artırmaq və beynəlxalq dəstəyi cəlb etmək üçün bir vasitə kimi görür. Bu missiya vasitəsilə Ermənistan Avropa ölkələri ilə daha sıx əməkdaşlıq qurur və regionda münaqişələrin həllində Avropa təsirini artırmağa çalışır. Danışıqlarda Minsk Qrupunun ləğv olunmasına razı olsa da, qarşı tərəfin AB missiyasının qalması üçün israr edəcəyi ehtimal edilir.
Ekspertlərin fikrincə, Ermənistanın bu istəyinin reallaşması o qədər də real görünmür. Çünki Azərbaycan qoyduğu tələblərdən geri addım atmağı fikirləşmir. Ermənistan tərəfi reallığı bildiyi üçün özünə tərəfdaşlar axtarmağa və səhv addımlar atmağa davam edir. Yekunda isə əminliklə demək olar ki, ölkəmiz danışıqlardakı mövqeyindən dönmək fikrində deyil və bu baş verməyəcək.
Qeyd edək ki, Azərbaycanın mövqeyi sülh prosesində aydın və prinsipialdır: münaqişənin hərbi mərhələsi artıq bitib, regionda sabitlik və əməkdaşlıq yalnız ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və qarşılıqlı maraqların təmin edilməsi əsasında mümkündür. Azərbaycanın bu mövqeyi həm regional inkişafı, həm də beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Həmçinin, Minsk Qrupunu qeyri-effektiv hesab edən Azərbaycan AB missiyasını birtərəfli yanaşma kimi qiymətləndirir və Ermənistan tərəfində yerləşdirilməsinin balanssız olduğunu bildirir. Bakı bu missiyanın münaqişənin həllinə obyektiv töhfə verməyəcəyini iddia edir./yenisabah