“Hazırda əsas və ən aktual məsələ Laçın dəhlizindəki vəziyyətdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib:
“Laçın dəhlizi 20 günə yaxındır ki, bağlıdır. Bu, Qarabağdakı rus sülhməramlılarının məsuliyyət sahəsidir. Üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalı, Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verməlidir”, – Paşinyan bildirib.
“İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən mövcud vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, – Paşinyan fikirlərini tamamlayıb.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Sankt-Peterburqda Paşinyan və Əliyevlə danışmağa nail olduğunu açıqlayıb. Rusiya prezidenti bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli söhbət olub:
“Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı vəziyyətdir”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az