Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması hələ də yubanır. Buna səbəb Azərbaycanın təklif etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edilməməsidir. Ekspertlər hesab edir ki, Ermənistanın sülh müqaviləsindən yayınması Qərbin ssenarisinə uyğundur. Ona görə də 3-cü tərəfin danışıqlarda iştirakı prosesi ləngidir, sülh müqaviləsinin bağlanmasına mane olur. Ermənistan baş naziri Nikol Paşinyan isə sülh prosesinin sıfırlanmasını təklif edir. Paşinyan bununla nəyə nail olmaq istəyir?
KONKRET.az-ın suallarını cavablandıran politoloq Tural Əliyev bildirib ki, Paşinyanın bu açıqlaması hərbçilərin dəyişdirilməsindən sonraya təsadüf edir:
“Əslində o, sərhəddəki hərəkətlə bildirdi ki, biz vasitəçisiz də danışa bilərik. İkincisi, 3 il ərzində danışıqların müəyyən dərəcədə dalana dirənməsi və təkliflərdən yayınması bir növ Ermənistanın müqavilədən qaçdığına işarədir. Amma Paşinyan görür ki, artıq dəhliz məsələsi və regionda nəqliyyat qovşaqları açılmadıqca, delimitasiya prosesi başlamadıqca, təhlükə davam edəcək. Burada daxildən də basqı müşahidə olunur. Həmçinin, müqavilənin şərtləri Ermənistan müxalifəti tərəfindən cəmiyyətə elə aşılanır ki, Paşinyan ölkənin bütün maraqlarını qurban verib və bu da istər-istəməz onun üçün çıxılmaz vəziyyət yaradır. Bu baxımdan sıfırlamaq və yenidən başlamaqla, Paşinyan proseslərə yeni oyun qaydaları gətirmək istəyir. Onun fikirincə, 3 il ərzində baş verənləri bir kənara qoymaq və proseslərə yenidən başlamaq lazımdır. Yeni şərtlər daxilində regionda yeni konfiqurasiya yaradılmalı və yeni reallıqda Ermənistanın da maraqları önə çəkilməlidir. Delimitasiya prosesinə start verilməli və anklavlar məsələsinə aydınlıq gətirilməlidir. Amma burada anklavlarla bağlı müəyyən çətinliklər var. Yuxarı Əskipara və Bərxudarlı kəndləri birbaşa İrəvan – Tbilisi magistralının üzərində yerləşir. Anklavlar Azərbaycana qaytarılsa, bu yol bizim nəzarətimizə keçəcək. Ermənistanın həm Gürcüstanla, həm də Rusiya ilə əlaqəsi bu yolun üzərindəndir. Onsuz da Ermənistanın indiki vəziyyəti erməniləri dalana dirəyib. Anklavların qaytarılması Ermənistanın vəziyyətini bir qədər də çətinləşdirəcək. Paşinyan da bunu anlayır və problemi açıq şəkildə etiraf etmir, sanki qarşılıqlı güzəşt istəyir. Əvəzində Azərbaycanı Naxçıvanla birləşdirən quru yolu açır. Ermənistanın isə Gürcüstanla əlaqəsinə təhlükə yaranmır, həmin yol ermənilərin maraqlarına uyğun işləyir. Sülh müqaviləsi imzalansa, əlbəttə ki, anklavlar avtomatik olaraq Azərbaycana qaytarılmalıdır. Delimitasiya prosesi də 1975-79-cu il SSRİ xəritələrinə uyğun aparılacaq. Həmin vaxt respublikalar eyni dövlətin tərkibində olduqlarına görə sərhədlər inzibati sərhədlər adlandırılıb. Paşinyan bunları anlayır və çəkinir. Ermənistan indi yeni layihə – “Dünyanın kəsişməsi”ni təqdim edir. Bununla da Ermənistanı böyük nəqliyyat qovşağına çevirmək istəyir. Əslində plan pis deyil, amma Paşinyan bu cəsarətlə çətin ki, layihəni reallaşdıra bilsin”.
Vəli Həsənov,
KONKRET.az