“Paşinyanın dünənki çıxışı da Avropa Parlamentinə “yaraşan” idi” – AÇIQLAMAbackend

"Paşinyanın dünənki çıxışı da Avropa Parlamentinə "yaraşan" idi" - AÇIQLAMA

“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edib. Adətinə uyğun olaraq o, yenə Azərbaycanı hədəfə alıb və ölkəmizin əleyhinə ittihamlar səsləndirib. Bir neçə gün əvvəl Azərbaycanla bağlı qətnamələr qəbul edən Avropa Parlamentində Azərbaycan əleyhinə səslənən fikirlər bizim üçün gözlənilməz olmayıb. Əslində biz belə də gözləyirdik”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:

“Gözlədiyimiz kimi, Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı ancaq təxribat, reallığın manipulyasiyasından ibarət idi. Çünki bütövlükdə qurum özü heç bir siyasi dəyəri qalmayan erməni lobbisinin əlində oyuncağa çevrilib. Nəzərə almalıyıq ki, Avropa Parlamentinin nə Avropa İttifaqına, nə də Avropadakı digər siyasi təşkilatlara təsir imkanları yoxdur. Özəlliklə son beş ilin monitorinqləri və araşdırmaları da göstərir ki, bu gün Avropa Parlamentinin Aİ-yə təsir imkanları sıfırdır. ATƏT və AŞPA-nın, ümumiyyətlə, Avropa Parlamentinin korrupsiyaya bulaşdığı lobbist dairələrin əlində siyasi oyuncağa çevrildiyi ilə bağlı çox ciddi qənaətlər var. Bu baxımdan da Avropa Parlamentinin çıxardığı “qətnamələr” ciddi hesab edilmir. Digər tərəfdən, əlbəttə, bu gün Ermənistan baş nazirinə Avropa Parlamentində tribuna verilməsi, həmçinin onun Azərbaycan əleyhinə sarsaqlamalarına Avropa Parlamentində etiraz edəcək normal cəsarətə malik bir siyasətçi yoxdur. Bu isə parlamentin nüfuzsuz olduğunun növbəti göstəricisidir. Əlbəttə, burada Paşinyan yalanlarına davam etdi, Azərbaycanı həm Qarabağla, həm də Ermənistanla bağlı məsələlərdə konkret ittiham etdi. Eyni zamanda, Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanın ərazi bütövlüyünü tanımaqla bağlı verdiyi mesajlara baxmayaraq, Ermənistanın ərazi bütövlüyünü tanımamaqda ittiham etdi. Bu, bir daha Paşinyanın və ona tribuna verənlərin, başda Robert Metsola olmaqla Avropa Parlamenti rəhbərliyinin simasını göstərir. Biz onsuz da korrupsiyaya bulaşan bir təşkilatdan haqq-ədalət gözləmirdik. Bütövlükdə Paşinyanın dünənki çıxışı da Avropa parlamentinə “yaraşan” çıxış idi”.

Vəli Həsənov,

KONKRET. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*