Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib ki, Xankəndidə uşaqları “Laçın dəhlizinin açılması” tələbi ilə aksiyalarda iştirak etməyə məcbur edirlər.
KONKRET.az xəbər verir ki, Akopyan Facebook paylaşımında 2020-ci ilin dekabrında baş verən etirazlardan sonra fondunun Xankəndidə təşkil etdiyi Yeni il tədbirlərinin ləğvini xatırladıb. O, böyüklərin uşaqlara qarşı eqoist davranışının ağılasığmaz olduğunu bildirib.
“İndi həmin böyüklər eyni uşaqlara ürək ağrıdan yazıları olan plakatlar verir, yolkaların qarşısına qoyur və şəkil çəkdirirlər. Onları göz yaşlarına səbəb olan mətnləri əzbərləməyə və yazmağa məcbur edirlər, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və bütün bunları dünyaya yayırlar ki, mərhəmət oyatsınlar”, – Akopyan yazıb.
Xatırladaq ki, bu gün saat 14:00-dən başlayaraq, Xankəndidə separatçılar mitinq keçirir.
Günel Mikayılova,
KONKRET.az