“Paşinyanın növbəti müharibəyə başlaması siyası intihar olacaq” – Əli Seminlə MÜSAHİBƏbackend

"Paşinyanın növbəti müharibəyə başlaması siyası intihar olacaq" - Əli Seminlə MÜSAHİBƏ

“Nikol Paşinyanın öz dövründə ikinci müharibəyə başlaması onun siyasi intiharı olacaq”.

Bunu KONKRET.az-a müsahibəsində Yaxın Şərq, Avrasiya və Asiya-Sakit Okean Araşdırmaları Platformasının (ODAP) qurucu rəhbəri, İstanbul Gəlişim Universitetinin müəllimi Əli Semin deyib.

Geniş müsahibəni təqdim edirik:

– Əli bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rus sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı açıqlamasına Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Türkiyə üçtərəfli Bəyanatın tərəfi deyil” deyərək cavab verdi. Bu açıqlama Türkiyə-Rusiya gərginliyinin artmasına yola aça bilər?

– Türkiyə ilə Rusiya arasındakı münasibətləri fərqli rakursdan ələ almaq lazımdır. Xüsusilə, Suriyadakı vətəndaş müharibəsində Türkiyə Rusiya ilə ciddi işbirliyi etdi. Bundan başqa, “S-400” zenit-raket komplekslərinin satışı və bir çox sahədə də tərəflər arasında işbirliyi mövcuddur. Əslində, Rusiya İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin proseslərdə rol almağını istəyirdi, amma aktiv rol almağını istəmirdi. Ona görə ki, Rusiya Cənubi Qafqazda təkbaşına bir güc olmağı hədəfləyir.

İkinci Qarabağ müharibəsi dövründə fərqli bir Rusiya ortaya çıxdı. Çünki bölgədəki balansın dəyişdiyini gördü. Kreml Azərbaycanın əvvəlki Azərbaycan olmadığını, habelə müdafiə, iqtisadi və siyasi gücünün artdığını qəbul etdi. Ona görə də Rusiya artıq Azərbaycanı Cənubi Qafqazdakı müttəfiqi olaraq görmək istədi. Məncə, Yaxın Şərqdə Türkiyənin Rusiyanın müttəfiqi olduğu kimi, Azərbaycan da Cənubi Qafqazda Kreml üçün önəmli bir aktor və müttəfiqdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi isə bir reallıqdır. Yəni Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etməlidirlər. Rusiya Türkiyənin üçtərəfli Bəyanatın tərəfi olmadığını Mariya Zaxarovanın açıqlaması ilə xatırlatmaq istəyir. Çünki Azərbaycanla Türkiyənin əlaqələri hər keçən gün inkişaf edir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra müdafiə sahəsində bu inkişafın olduğunu vurğulamaq istəyirəm. Həmçinin Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin strateji ortaq olduğunu demək lazımdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsi isə Kremli narahat edir. Türkiyə ilə Azərbaycan iki dövlət, bir millət olduqlarını açıq şəkildə həm Rusiyaya, həm də dünyaya göstərdilər. Təbii ki, bütün bunlar da Rusiyanı narahat edir.

Amma indiki vəziyyətdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə böhran yaranmaz. Buna baxmayaraq, son zamanlarda Türkiyə ilə Rusiya arasında tam hiss edilməsə də, bir güvən böhranının başladığı görünür. Bəlkə də qarşıdakı dönəmlərdə daha böyük anlaşmazlıqlar baş versə, tərəflər arasında gərginlik və böhran yarana bilər. Bu böhranın qarşılıqlı regional və qlobal mənfəətlər üzərindən yarana biləcəyini düşünürəm.

– Ötən günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanana qədər yeni müharibənin ola biləcəyini söylədi. Sülh danışıqlarının davam etdiyi bir zamanda belə açıqlamanın verilməsini necə dəyərləndirirsiniz? Bunun arxasında nə dayanır?

– Onsuz da Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Rusiya və Qərb tərəfindən yalnız buraxıldığını hiss edir. O, həmçinin Ermənistan ordusu ilə də ciddi problemlər yaşadığının fərqinə vardı. Onun güclənməsi üçün Azərbaycanla sülh müqaviləsi imzalaması və Türkiyə ilə münasibətləri normallaşdırmağı lazımdır.

Paşinyanın müharibə ilə bağlı son açıqlamalarında Rusiyanın çox böyük təsiri hiss olunur. O, İkinci Qarabağ müharibəsindən sonra daxildə də zəifləməsinə baxmayaraq, bundan tam olaraq dərs çıxara bilmədiyi görünür. Üstəlik, müharibədəki məğlubiyyətdən sonra ordu tərəfindən də onun istefası tələb olundu.

Hazırda Ermənistanın nə hərbi, nə də diplomatik gücünün olduğunu düşünmürəm. Amma kimlərinsə Ermənistanın Baş nazirini danışdırdığı aydındır. Bunun arxasında Qərb ölkələri də ola bilər. Lakin məncə, burada daha çox Rusiya faktoru var. Ümumiyyətlə, Nikol Paşinyanın öz dövründə ikinci müharibəyə başlaması onun siyasi intiharı olacaq.

– Son zamanlarda Rusiya-Ukrayna müharibəsinin əvvələ nisbətən şiddətinin azaldığını görürük. Həmçinin, Ukraynanın əks-hücumu gözlənilən kimi alınmadı, Rusiyanın hücumları isə effektiv olmadı. Sizcə, bu vəziyyətin yaranmasına səbəb nədir?

– Rusiya Ukraynanın bu qədər ciddi şəkildə dirənəcəyini düşünmürdü. 24 fevral 2022-ci ildə Ukraynada başlayan müharibənin 48 və ya 72 saatda bitəcəyi təxmin edilirdi. Lakin Rusiya Prezidenti Vladimir Putin müharibəni başlatmaqla səhv kəşfiyyat məlumatlarına qurban getdi. Müharibə başlayandan həmin ilin sentyabrına qədər Rusiyanın üstünlüyü ilə keçdi. Hətta Kreml müharibəni istəsə bitirər, istəsə, davam etdirər kimi görünürdü.

Buna baxmayaraq, 2022-ci ilin sentyabrından sonra bu üstünlük Qərb və ABŞ tərəfindən Rusiyanın əlindən alındı. Onlar Ukraynaya silah-sursat verərək müharibəni uzadırlar. Həmçinin, Rusiyaya qarşı ciddi sanksiyaların da tətbiq olunduğunu qeyd etmək lazımdır. Ona görə də Putin bu müharibədə zəfər elan edə bilmədi. Fikrimcə, ABŞ və Qərbin də bunda çox böyük payı var.

Düşünürəm ki, müharibənin və sanksiyaların davam etməsi Rusiyanı zamanla zəiflədəcək. Rusiya Ukraynanın NATO-ya üzv olmaması və Avropa ilə əlaqəsinin kəsilməsi üçün bu müharibəyə başladı. Amma NATO cari ilin aprel ayında Rusiya ilə həmsərhəd olan Finlandiyanı alyansa üzv etdi. Bununla da NATO Rusiyaya rəğmən genişləndi. Ona görə bu müharibənin hələ bir müddət də davam etməsi gözlənilir.

– Eyni zamanda Rusiyanın “Taxıl sazişi”ndən çəkilməsindən sonra yeni bir böhran meydana gəldi. Rusiya razılaşmaya dönmək üçün müəyyən şərtlər irəli sürdü. Necə düşünürsünüz, yeni taxıl böhranının qarşısını almaq üçün Rusiyaya tətbiq olunan sanksiyaların bəziləri aradan qaldırıla bilər? Həmçinin “Taxıl sazişi” ilə bağlı yaranan böhranın qısa zamanda həll olunması mümkündür?

– “Taxıl sazişi” 22 iyun 2022-ci ildə İstanbulda imzalandı. Bu tarixdən sonra davamlı olaraq onun müddəti artırıldı. Lakin Rusiya hər dəfə bir problem çıxardı. Onlar taktiki və strateji olaraq bu addımı atırlar. Rusiya “Taxıl sazişi”ndən çıxdığını elan etsə də, “açıq qapı” siyasəti yürüdür. Çünki Rusiya bank və nəqliyyat sektorundakı sanksiyaların aradan qaldırılmasını istəyir. Bunun üçün isə rəsmi Moskvanın əlindəki yeganə kart “Taxıl sazişi”dir.

Xatırladım ki, Rusiya enerji kartından da Avropa ölkələrinə qarşı istifadə etmişdi. Çünki Avropa ölkələri enerji baxımından 41% Rusiyadan asılı vəziyyətdə idilər. Amma “Taxıl sazişi” elə deyil. Bu, tamamilə qlobal bir problemdir. Rusiya ilə Ukrayna dünya taxılının 28 faizinə sahib olan ölkələrdir. Ona görə də bu sazişi ABŞ-a və ya Qərbə qarşı təzyiq mexanizmi kimi istifadə etməsi Rusiyaya qlobal cəhətdən problemlər yarada bilər. Bu günə qədər 33 milyon ton taxıl məhsulları bu dəhlizlə keçib. Həmin taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə göndərilib. Rusiya isə bu taxılın daha çox Afrika qitəsinə getməyini istəyir.

Bütün bunlara rəğmən, “Taxıl sazişi” məsələsinin qarşıdakı günlərdə həll olunacağını düşünürəm. Çünki Putinin “Taxıl sazişi”ndən çıxması strateji səhv olar.

– Türkiyədə keçirilən seçkilərdən öncə Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya dövlət başçısı Bəşər Əsədin görüşməsi üçün danışıqlar aparılırdı. Bəs bu məsələ ilə bağlı hazırda hansı addımlar atılır? Tezliklə Türkiyə ilə Suriya arasındakı münasibətləri normallaşa bilər?

– Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesi başlamışdı. İlk olaraq 28 dekabr 2022-ci ildə Moskvada Rusiyanın vasitəçiliyilə müdafiə nazirləri səviyyəsində görüş keçirildi. Ardınca yenə Moskvada xarici işlər nazirləri görüşdü.

Türkiyə İsrail, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə yaşadığı böhranları həll etdi və normallaşma prosesi başladı. Amma Türkiyə üçün Suriya məsələsi çox fərqlidir. Çünki Suriya Türkiyə üçün sərhəd təhlükəsizliyi, terrorla mübarizə baxımından bir bölgədir. Ona görə də bu problem asanlıqla həll olunmaz və zamana ehtiyac var.

Amma Suriya Türkiyə ilə normallaşma görüşmələrinin hamısında ön şərt olaraq Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı formalaşdırdığı bufer zonalardan geri çəkilməsini istəyir. Lakin bu, Türkiyə üçün “qırmızı xətt”dir. Çünki Əsəd rejiminin və Suriya ordusunun həmin bufer zonalarda təhlükəsizliyi təmin etmək potensialına sahib olmadığını demək lazımdır. Ona görə də tərəflər arasındakı münasibətlər indiki mərhələdə normallaşa bilmir.

Ümumiyyətlə, Əsəd Türkiyə Silahlı Qüvvələrinin geri çəkilməsi ilə bağlı şərtindən imtina etməlidir. 1998-ci ildə Türkiyə ilə Suriya arasında imzalanan Adana müqaviləsinə geri dönülə və ya rədaktə olunaraq, normallaşma prosesi başlaya bilər. Hazırda isə rəsmi Ankaranın qarşı tərəfin irəli sürdüyü təklifi qəbul etmədiyi üçün normallaşma prosesinin gündəmdə olmadığı görünür.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*